Köhnə xatirələr.
Məhbubə nənə ayaqlarını güclə sürüyüb nəvəsi
Ayselin otağına gedirdi. Heç qapının ağzına çatmamış, bərkdən qəhqəhə eşidib
diksindi. Qocalıqdan sümükləri çıxmış əlini ürəyinin üstünə qoyub “bismillah”-
deyə pıçıldadı. Rayondan gəldiyi 3 ay idi, amma hələ də Ayselin bu “şəhər
qızdarı” rəfiqələrinin gülüşmələrinə öyrəşə bilməmişdi. Dodaqaltı deyinib
qapını açdı. Gördüyü mənzərə yenə eyni idi: otağın küncündəki kompyuter
masasının ətrafına toplaşmış 3 qız bir-birinə ekranda nəyisə göstərib
gülüşürdülər. Başları elə qarışmışdı ki, Məhbubə nənənin içəri girdiyini hiss
etmədilər belə. Nənə səssizcə içəri keçib, çarpayıya oturdu. “Yəqin dərs
oxuyurlar” deyə düşünüb, səsini çıxarmadı. Əlbətdə, axı Aysel ona dəfələrlə başa
salmışdı ki, o balaca qutudan dünyanın hər yerindən xəbər almaq, ürəyin istəyən
alimin yazılarını oxumaq olar. Amma vaxt keçdikcə artan səslər onu narahat
edirdi. Əli ilə yenə “yel tutan” ayağını ovuşdurub, pıçıldadı:
-
Bular
heç dərs oxuyana oxşamır ay balam.
Axır ki,
Ayselin rəfiqəsi Fidan onun varlığını hiss edib, başını çevirdi. Nənənin şübhə ilə onlara baxdığını görüb,
Ayseli dümsüklədi.
-
Bıy,
nənə sən burdaydın?
-
Hə
ay bala. Gəldim görüm nağarırsız.
-
Heç,
çatlaşırıq. – ağzında sözdurmaz Jalə bunu deyən kimi, Aysel ondan bir çimdik
götürdü.
Yaxşı ki, o
da səhv etdiyini anlayıb səsini çıxarmadı. Amma qızların bu təlaşı boşuna idi.
Məhbubə nənə ətrafını qırış tutumuş xırda gözlərini onlara zilləyib soruşdu;
-
Çatdaşmax
nədi a bala?
Qızlar
bir-birlərinə baxıb, çiyin çəkdilər. Nənəyə deməyə tərəddüt edirdilər. Axır ki,
nənəsini çox istəyən Aysel masanın üzərindəki planşeti əlinə götürüb yanına gəldi.
Ekranda, ya da Məhbubə nənənin dediyi kimi “cinli güzgü”də barmağını gəzdirib, bir
internet səhifəsini açdı. Göy rəngli adlar yazılmış siyahını nənəsinin gözü
qabağına tutub, izah etməyə başladı:
-
Bax
çat buradı nənə. O sizin dövrün məktubları kimidi. Tanımadığın adamlara məktub
göndərirsən, amma saniyəsində çatır. Bax bu siyahıda da adları var.
Məhbubə nənə
gözləri artıq yaxşı görmədiyindən, ekrana yaxınlaşdı. Burnu soyuq təbəqəyə
toxunanda cəld geri çəkilib, dilləndi:
-
Gözüm
keşmişdəki kimi deyil a bala. Çeşməksiz heç görəmmirəm… İndi belə başa düşdüm
ki, bura feysbukdu?
Qızların təəccübü
üzlərindən oxunurdu. Nənə onların bir-birinə baxdığını görüb, qımışdı.
Belini dikəldib, özündən razı tonda
dedi:
-
Nədi?
Elə bilirdiz nənə qojalıf, rayondan gəlif deyə bilmir feysbuk nədi? Ay hay!
Bizim rayonda da, hər evdə bundan var. indi deyin görüm, ordan özüvüzə söygülü
tapıfsız?
Aysel ağzını
açmaq istəyən Jaləyə göz ağartdı.. Güya utanıb, başını əyərək dedi:
-
Yox
ay nənə. Elə şeylərlə aram yoxdu, bilirsən.
Elə bunu
demişdi ki, kompyuter məktub gəldiyini xəbər verən səs çıxardı. Aysel
qeyri-iradı kompyuterə tərəf boylanıb, nə gəldiyini görməyə çalışırdı. Nənəsinin
yanında gedib baxa bilməzdi, amma bütün fikri orda qalmışdı. Məhbubə nənə də,
bunu başa düşüb başını yellədi. Üzündə narazı bir ifadə var idisə də, gözlərinin
içi gülürdü. Ayselin əlindəki planşeti götürüb, dodaqucu dedi:
-
Al,
burdan da baxmaq olur, hə?
Aysel bu dəfə
həqiqətən utanıb, başını əydi. Bir anlıq tərəddüt etsə də, nənəsinin üzündəki o
qayğıkeş ifadəni görüb planşeti əlinə aldı. 1 dəqiqə sonra üzü gülürdü. Nənəsinin
də maraqla boylandığını görüb, gülümsəyərək planşeti ona uzatdı. Məhbubə nənə
yenə burnuna qədər yaxınlaşdırıb, gözünü ekrana zillədi. Birdən qırmızı bir
dodağın ekrandan çıxıb, onun burnunu öpdüyünü gördü. Əlindəkini havaya
tullayıb, özünü arxaya atdı. Qızlar bilmirdi otağın digər küncünə uçan bahalı
alətin arxasınca qaçsınlar, ya çarpayının içində eşələnib “bismillah!
Bismillah!” – deyə qışqıran nənəyə kömək etsinlər, ya da bu mənzərəyə gülsünlər.
Axır ki, içlərində ən soyuqqanlısı olan Fidan özünə gəlib, Məhbubə nənəyə kömək
etdi. Qoca qadın əlini ürəyinin üstünə qoyub, kəsik-kəsik nəfəs alırdı. Qızları
bu halı qorxutmağa başlayırdı. Yaxşı ki, çox çəkmədi.
-
Az
o, hansı dəyyusun oğlu idi məni öpdü, hay?!
Jalə qaçıb,
şkafın yanına düşmüş planşeti getirdi. Deyəsən salamat idi. Yenə eyni animasiyanı
açıb, bu dəfə uzaqdan nənəyə göstərdi. Məhbubə nənə gözlərini ekrana zilləyib,
uzaqdan gələn, öpən və təzədən yox olan qırmızı dodağı bir neçə dəfə diqqətlə
izlədi. Bu cizgi filmlərə bənzəyən şeydən qorxduğu üçün pərt oldu. Hələ nəzik
dodaqlarını bir-birinə sıxıb, ağlamsındı da. Amma sonra ağlına gələn fikirlə
Ayselə tərəf çönüb, qaşlarını çataraq soruşdu:
-
O
gedə sənə göndərib bunu?
-
Şey…
Nənə, bu mutfilm kimidi e… əsli deyilki…
Qarı
“hmm”layıb, bic-bic gülümsədi. Başından sürüşmüş şalı düzəltməyə başladı. Pərt
olub, susmuş qızlar güclə onun “indiki cavanların öpüşü də mutfilmdi” dediyini
eşitdilər. Jalənin dözə bilməyib “necəki ay nənə? sizdə necə idi?” deməsi ilə,
Məhbubə nənə cəld ona tərəf çöndü. Işıl-işıl yanan gözlərini aşağı dikib,
şalının ucu ilə ağzını örtdü. Təzə gəlinlə kimi əzilə-büzülə:
-
Bizdə
nejə olajax ay bala. Elə şeylər bilmirdik biz… Amma ki…
-
Nənə?!
– deyə Aysel təəccüblə utandığı bəlli olan nənəsinə baxdı.
-
Danışın
xahiş edirik, maraqlıdı.
Məhbubə nənə
“sakit qız” olan Fidanın sözünü yerə salmayıb, boğazını arıtlayaraq danışmağa
hazırlaşdı. Otaqda onlardan başqa heç kəs olmasa da, səsinin alçaltdı:
-
O
vaxtı mənim 15 yaşım varıydı. Özümdə gözəl-göyçəy qız idim. Baxanın gözü
qalırdı. Bizim kəndə bir dənə Şamil adında gəşşəy oğlan varıydı. Kəndin bütün
qızları ondan ötrü sino gedirdi. Belə uzun, şumal oğlan idi. Şəvə kimi qara
qaşı-gözü varıydı. Bir gün mən bulaqdan gəlirdim, bir də gördüm bu gedə yolumu
kəsif. Məndə abırlı-həyalı qızam, tez istədim yolumu dəyişəm. Amma haradı?
Ordan sonrası daşlıx-qayalıx. Keçi dörəm ha, tullanıf qaçam. Səhəngi əlimdən
hazır tutmuşam ki, nəsə desə atım təpəsinə, qaçım. Incafara o da sakit
durmuşdu. Eləjə mənə baxırdı. Gördüm bu məni gejəyə kimi burda saxlayasıdı, qaş
qaralır. Səsimi ötkəm eliyf, dedim ay adam, nə kəsmisən yolumu? Bə bu mənə nə
desə yaxşıdı?
-
Nə?
Nə dedi nənə?
-
Hə,
nə dedi Məhbubə xala? Danışın!
Məhbubə nənə
qızların diqqətlə ona qulaq asdığını görüb, qımışdı. Bilərəkdən vaxtı uzatmaq,
onları maraqda saxlamaq üçün jiletini düzəltdi. Hələ yalandan öksürdü də. Artıq
qızların yalvaran gözlərlə baxdını görəndə isə ürəyi dözmədi. Qızlar onu daha
yaxşı eşitmək üçün yaxına gəlsə də, səsini biraz daha alçaldıb davam etdi:
-
Həəə…
dedim niyə kəsifsən yolumu, o da dedi ki bəs mən səni istəyirəm. Səni Gülsüm
xalanın nəvəsinin toyunda görmüşəm, ürəyimə yatıfsan. Qurudum qaldım eləcə.
Özümün də könlü ondaydı, amma qız uşağı gərəy özünü ağır aparsın. Qaş-qabağımı
töküb, elə bağırdım ki yazıx gedə diysindi. Dedim ayə, mən elə-belə qızlardan
döyüləm e, bir quruca “istəyirəm”ə könlümü verim. Istəyirsən lap yaxşı, anan gəlib
məni anamdan istəyər. Bir qız, bir oğlanındı. Elə bunu demişdim ki, deməz
olaydım. Gədə mənə yaxın gəlməzmi? Mən gedirəm, bu gəlir. Mən də haraya kimi
gedim? Hər yer daşlıx. Elə dayanıb nəfəsimi dərməy istəyirdim ki, gördüm bu
yanımda bitdi. Heş gözümü açmağa macal tapmamış bi dənə maç elədi ki…
Jalə gözlərini
geniş açıb, həyacanlı şəkildə dedi:
-
Dodaqdan?!
Elə o an
dediyinə peşman oldu. Məhbubə nənə “vaxsey!” – deyə qıy vurub, əli ilə ayağını
döyəclədi. Qorxudan rəngi ağaran Jaləyə qəzəbli baxıb, bağırdı:
-
Ay
bala nə dodax?! Estağfrullah de! Məni də, özünü də günaha batırma! – deyib, səsini
alçaltdı – yanaxdan… yanaxdan öpüb, qaşdı dəyyus oğlu.
Aysel nənəsinə
heyran-heyran baxıb, pıçıldadı:
-
Babama
bax sən! Cavanlıqda yaman olub.
Məhbubə nənə
rəhmətlik ərini xatırlayıb, üz-gözünü
qırışdırdı. Özündən 17 yaş böyük, bir yaraşığı olmayan ərini sevə bilməmişdi.
Ağlına gələn pis xatirələri qovmaq üçün başını yelləyib, dodaqucu dedi:
-
Sənin
babanın cavanlığı da, qocalığı kimi bir matah olmayıf.
Fidan:
-
Babanın
adı Şamildi ki?
Onun
sualından sonra üçü də gözlərini nənəyə dikdi. Məhbubə nənə isə bic-bic gülən
gözlərlə onlara baxıb, güya heç nə anlamamış kimi çiynini çəkdi. Qızlar öz
aralarında gülüşdülər. Aysel nənəsinə sıxılıb, qolunu çəkişdirməyə başladı:
-
Nənə!
Nolar, yenə danış!
Məhbubə nənə
özünü naza qoysa da, Fidanla Jalə də bu yalvarışlara qoşulanda dözmədi.Biraz
qabağa əyilib, səsini mümkün qədər alçaldıb, danışmağa başladı:
-
Hə,
hardasa 50-60 il qavax, bizim kəndə Alış kişinin nəvəsinin toyu idi. Mən də
geymişdim ən gəşşəy donumu…
*****
Qızlar tərəfindən
unudulan kompyuter isə artıq kim bilir, neçənci dəfə məktubun gəldiyini xəbər
verirdi. Amma Məhbubə nənənin pıçıltısını eşidə bilmək üçün qulaqlarını şəkləyən
qızlar, nədənsə onu eşitmirdi….
Müəllif: Cəmilə
Məmmədli
Hiç yorum yok :
Yorum Gönder