Buz qəsrin şəhzadəsi.
Bir zamanlar, uzaq
diyarların birində ilin hər fəsli qarla
örtülü olan bir ölkə varmış. Zülmət hakim imiş bu yerlərə. Bu ölkədə ildə yalnızca bir gün Günəşin şuaları qara buludları dəlib, buzdan bir qəsrin
qübbəsində bərq vurarmış. Ah, lakin bu solğun şualar buz qəsri əridə bilməzmiş əsla.
Bu möhtəşəm qəsrin tək bir sakini və sahibi varmış. Qar qədər bəyaz dərisi,
buzun soyuq parıltısını içinə həps etmiş mavi gözləri və qəsrin daxilindəki zülmət
qədər qara saçları varmış. Böyük qəsrin tək pencərəsinin qarşısındakı mavi
buzdan düzəldilmiş, qar dənəcikləri ilə bəzədilmiş taxtında əyləşər və
ucsuz-bucaqsız qar çöllərini izləyərmiş...
Yenə ilin o günü, zəif
şualar qara buludların bağrını dəldiyi o anda ilk dəfə bu soyuq və səssiz zülmətdə
bir qəhqəhə eşidilmiş. Büllur cingiltisinə bənzəyən bu qəhqəhə getdikcə daha
yaxından eşidilməyə başlamış. Aha, budur artıq qəsrin dəhlizlərində cingildəyir
qəhqəhələr. Bəs bu zülmət diyarında gülməyə cəsarət edən kim idi?!
“Qığılcım”... Günəşin
minlərlə kiçik pəri qızından biri olan Qığılcım, buludların arasındakı yarıqdan
zülmət diyarına qaçmışdı. Ah, o dəcəl pəri
həmişə belə nadincliklər edib, Günəşi hirsləndirirdi. Lakin artıq gec idi, qara buludlar çoxdan
işığın yolunu bağlamışdı. 1 il... 1 il gözləmək lazım idi söz dinləməz
Qığılcımı geri qaytara bilmək üçün.
Buz qəsrin soyuq şəhzadəsi
narahat idi. ilk dəfə idi ki, biri bu zülməti, sükutu pozmağa cəsarət etmişdi.
Buz qəsrin pilləkənlərinin məhəccərlərindən sürüşüb, şən qəhqəhələr çəkən
Qığılcımın səsi, kiçik və şəffaf
qanadlarından yayılan işığın buz divarlardakı parıltısı, isti nəfəsinin hənirtisi
qıcıqlandırırdı şəhzadəni. Amma əsrlərdi oturduğu yerdən tərpənib, bu dəvətsiz gələn
qonağı qova bilməzdi. Ürəyində o səs-küylü fəlakətin otağına gəlməməsini diləyərək,
sonsuz qar çöllərinə baxmağa davam edirdi. Amma bir gün qorxduğu başına gəldi.
Bütün qəsri ələk-vələk edib, oynanılacaq hər şeylə oynayan, dəyərli buzdan əşyaları
sındıran Qığılcım sıxılmağa başlamışdı. Neçə vaxtdır gözünü qəsrin tək kilidli
otağına dikmişdi. Açarın yerini tapa bilməsə də, zərif qanadlarını asta-asta tərpədib
qapıya yaxınlaşdı. Buzdan qıfılın ətrafında dolanıb bir zəif nöqtə, istiliyini
verib əridə biləcəyi boşluq axtardı.
Lakin boşuna, əsrlərdir donub
qalmış kilidi əridəcək qədər istisi yox idi. Axı o sadəcə bir qığılcım idi.
Hirsindən qırmızı yanaqları daha da pörtdü. Əsəbdən kiçik qanadları belə
alovlandı. Hətda bu odlu qəzəbi buzdan tavanı azca əritdiyindən bir-iki soyuq
damla başına düşdü. Bu onu sakitləşdirdi. İçəri əsla girə bilməyəcəyini dərk
edib, kədərlə başını əydi. Incə əllərini irəli uzadıb, barmaqlarının ucları ilə
kilidə toxundu və möcüzə! Buzdan kilid öz-özünə açıldı. Qığılcımın sevincinin həddi-hüdudu
yox idi. Sevincək öz ətrafında dövr edib, aralanmış qapıdan içəri sıvışdı. Ax,
bu otaq ki boşdur! Içində onu əyləndirə biləcək, ya da ən azından “təsadüfən”
qıra biləcəyi heç nə yoxdur. Bir tək pencərənin qarşısındakı əzəmətli taxt. Uçmaqdan
yorulub yerə qondu. Kiçik addımlarla taxta tərəf getdikcə, ayağının toxunduğu
yerlərdə buzdan döşəmədə balaca gölməçələr yaranırdı. Biraz daha və...
Qığılcım nəfəsini
tutdu. Sanki qarşısındakı gözəlliyi öz isti nəfəsi ilə əritməkdən qorxurdu.
Buzdqəsrin şəhzadəsi gözəl idi. Bu lənətə gəlmiş buz qəsrindəki digər
oyuncaqlar kimi yox! O bir başqa gözəl idi... Qar qədər bəyaz dərisi, buz
mavisi gözləri və zülmət gecə saçları... Qığılcım bir addım daha atmaqdan
qorxaraq, uzaqdan şəhzadəni seyr edirdi. Kiçik qanadlarını tərpədib, ürkək bir
səslə pıçıldadı:
-
Sən gözəlsən...
Bu cümlə Buz qəsrin divarlarında əks-səda versə də, şəhzadədən
cavab gəlmədi. Qığılcım şəhzadənin yatmış, hətda ölmüş ola biləcəyini fikirləşdi.
Bu düşüncədən dəhşətə gəlib, başını var gücü ilə yelləyərək öz-özünə dedi:
“Yox, ola bilməz! Bu gözəllik ölə bilməz! Həm gözlərində həyat parıltısı var və
o harasa baxır.”. Qığılcım şəhzadənin hara baxdığını öyrənmək üçün pencərədən
boylandı. Tək gördüyü boş qar çölləri idi. Bu mənzərədən tez sıxıldı Qığılcım.
Ağ qarlarda baxılacaq nə var idi axı?! Gözləri yenə şəhzadəyə çevrildi...
Qığılcım, qalan
günlərini də beləcə keçirdi. Hər gün şəhzadənin yanına gələr, onu danışdırmağa
çalışar, ətrafında pərvanə tək uçub nəğmələr oxuyardı. Amma boşuna, şəhzadə bir
dəfə də olsun ona cavab verməmişdi... Eşqi qarşılıqsız idi. “Bəlkə bu soyuq onu
qəlbini dondurub?!”- deyə düşündü Qığılcım. Əlbətdə, axı bu soyuqda qanadlarını
tərpədib istilik yaymasaydı özü də donardı! Daha çox yaxınlaşdı şəhzadəyə.
Artıq onu əritməkdən qorxmurdu, əksinə, ürəyindəki buzları əridə bilmək üçün əlindən
gələni edirdi. Lakin bunlar da faydasız idi... Kiçik bir qığılcım, donmuş qəlbi
ərdiə bilməzdi...
Bir il tamam oldu.
Günəş şuaları ilə qara buludları aralayıb, öz qızını-Qığılcımı çağırdı.
Qığılcım getmək istəmirdi, amma bu buzdan qəsirdə qala bilməzdi. Artıq öz hərarətini,
parıltısını itirməyə başlayırdı. Bu soyuq ölkədə sönürdü qığılcım... Son bir dəfə
şəhzadəsinə baxdı. Yaxınlaşıb isti
dodaqlarını, onun buz kimi soyuq dodaqlarına toxundurdu. Kiçik, məsum bir
öpüş... Bu da şəhzadəyə təsir etmədi. Qığılcım pəncərədən uçub, qanadlarını
tez-tez tərpədərək Günəşə tələsdi. Bir anlıq dönüb arxaya baxdıqda şəhzadənin
ona baxdığını sandı. Yenə var gücü ilə başını yelləyib “ Yox! Mən xəyal görürəm!”
– deyə düşündü. Kiçik qanadlarını daha sürətlə çırpıb, son anda buludlardaki
kiçik bir dəlikdən keçib anasının – Günəşin qollarına atıldı.
Buzdan qəsrdə bir
cingilti əks-səda verdi. Şəhzadənin soyuq mavi gözlərindən süzülən damla, şaxtalı
havanın təsrindən donub buzdan döşəməyə düşüb, çilikləndi. Qığılcım nə bilərdi
ki, onun zərif qanadlarının hənirtisi çoxdan şəhzadənin qəlbini isitmişdi... O
gündən şəhzadə gözlərini boş qar çöllərindən çəkib, boz buludlarla örtülü səmaya
dikmişdi. Hər il səbirsizliklə o günü – uzaqdan gələn büllur cingiltisinə bənzər
qəhqəhəni eşidəcəyi o anı gözləyirdi. Həmin an buz soyuqluğu çökmüş gözlərində,
Günəşin al-əlvan şüaları bərq vururdu sanki. Kim bilir, bəlkə bir gün yenə dəcəl
Qığılcım anası dinləməz və zülmət diyarına qaçar. Və yenə buzdan qəsr onun qəhqəhəsi ilə
cingildəyər. Axı burda onu gözləyən biri var – Buz qəsrin şəhzadəsi...”
Müəllif: Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder