“Dahi” ilə görüş.
Vəhşi heyvanları
xatırladan çığırtılar, sənə tərəf uzanan əllər, quzğun kimi səni izləyən gözlər...
Bütün bunlar kabus kimi səslənir, hə? Mən
onsuzda kabusdayam. Əgər kəsif dərman qoxusunu da əlavə etsək, ruhi xəstələr
dispanserində. Boyası çoxdan tökülmüş bu qaranlıq dəhlizdə atdığım hər addım məni
bu dəlilər cəhənnəminə itələyir. Bunlar heç susmaq bilməzlər görəsən?! Bəs bu qədər
sakitləşdirici dərmanlar hara gedir?! Biri kəssin bunların səsini! Qaçmaq, var
gücümlə qaçıb bu lənətə gəlmiş binadan çıxmaq istəyirəm! Etiraf edim? Qorxuram!
Onların mənə bir zərər verməsindən yox, onlardan biri olmaqdan... Mənimlə
yanaşı addımlayan qadına baxdıqca bu qorxum daha da artır. 50 yaşında olar, ya
olmaz. Amma gözləri... Çoxdan ölmüş, məzardan xortlamış birinin gözləri kimi.
Bom-boz üz, qırışmış sifət , qara halqa ilə çevrələnmiş, soyuq parıltılı gözlər...
Deyəsən ona baxdığımı hiss etdi. Başını qaldırıb, saralmış dişlərini çöldə qoyaraq
gülümsədi... Əla! Indi daha çox qorxuram.
-
Gənc olmağınıza baxmayaraq çox cəsursuz. Hər
adamın işi deyil ilk dəfə bura gələndə qorxudan dəli olmamaq.
Görəsən Azərbaycan dili lüğətindəki bütün sözlər tükənmişdi
ki, bu komplementində “dəli” sözünü işlətdi?. Ağlımdan keçənləri deyə bilməzdim.
Sadəcə gülümsəməklə kifayətləndim. Yəni “təşəkkür edirəm, amma çox danışmayın”.
-
Hardansan?
Marsdan! Ya səbir...
-
Bakılıyam.
-
Əsl Bakılı? Yoxsa sonradan gəlməsən?
Haralı olduğumu deyəndən sonra bu sualı verməyən bir adama
rastlasam, sevincimdən boynuna atılacam. Bir dəqiqə, biz nə vaxt “sən”ə
keçdik?! Ya səbir...
-
Atam Bakılı idi.
-
Bəs baba...
-
Elman bəyin otağına çatmadıq?
Qadın gözlərini süzdürüb, əli ilə dəhlizin sonundakı otağı
göstərdi. Deyəsən kinayəli şəkildə gülümsədi də. Ya bu mənim kobudcasına sözünü
kəsməyimə görə idi, ya da...
-
Elman “bəy”in otağı buradı. Təhlükəli deyil, içəri
tək girə bilərsiz.
Ya da...
Bu qapının arxasında
uşaqlığımın idealı var. Dəfələrlə mükafat almış dahi bir yazar. Elman Cabbarov!
Adını eşitmək belə, məni hörmətdən ayağa
qalxmağa məcbur edən şəxs. Amma son illər adını ancaq məsxərəyə qoymaq istəyənlər
çəkir. İdealım... Mənə özümü tanıdan kitabların müəllifi... Onun kimi olmaq əl
çatmaz xəyalım idi. İndi isə...
Qapının dəstəyini
tutsamda, aşağı çəkməyə tərəddüt edirdim. Bura qədər yaxşı gəlmişdik, bəs içəridəki
adamı gördükdə nə edəcəkdim? İçəri girib, “Salam. Mən uşaqlıqdan bəri sizə
heyranam və indi sizə baş çəkməyə gəlmişəm. Dəli olmanız mənim üçün problem
deyil.” deyim? Bura qədər gəldim, qapını aça bilərəm. Dəstəyi aşağı basıb,
qapını özümə tərəf çəkdim. Özümü cəld içəri atdım ki, tərəddüt etməyim. Hər şeyə
hazıram...
Amma buna yox! İki dəmir
kənarları olan çarpayı, dəmir barmaqlığı olan balaca pencərə, kiçik masanın
yanındakı 2 stul. Pis şərait deyil. Bəs bu nədir?! Adi idman geyimində, saçı
saqqalına qarışmış bir adam şahmat oynayır, həm də bir dəli ilə! Mənim içəri
girdiyimdən xəbərləri yoxdur deyəsən. Yüngülcə öskürdüm, amma məni vecinə alan
olmadı. Bir tək o dəli üzümə baxıb gülümsədi və yenə üzünü çevirib şahmat
taxtasına diqqətlə baxmağa başladı. “atı” əlinə alıb o üzünə, bu üzünə baxdı. İnana bilmirəm... 4 dama iləri qoydu!
-
“At” elə getmir!
Özümdən aslı olmadan qışqırdım. İkisi də çönüb mənə baxmağa
başladılar. Elə bil səhv edən mən idim. Dözə bilməyib, masanın yanına gəldim.
“Atı” əlimə alıb, əslində olmalı olduğu yerə qoydum.
-
Atlar “L” hərifi kimi ilərləyir ancaq. O “top”
deyil ki, düz getsin.
-
Sənə kim dedi ki, atlar elə gedə bilməz?
-
Necə yəni kim? Şahmatın öz qanunları var axı! Gərək
kimsə deyə?!
Uşaq vaxtı bu anın
o qədər xəyalımda canlandırmışdımki. Ən sevdiyim yazarla görüşəcəkdim, ona əsərləri
haqqında ağlıma olan bütün sualları verəcəkdim, öz yazdığım qaralamalı göstərəcəkdim...
İndi isə qarşımda bir “at”ın necə getdiyini belə bilməyən bir dəli var.
-
Mən...mən gedirəm. Gedirəm. Aparıram... Aparıram
bunu. At mənimdi... mənimdi. – deyən o
biri dəli taxta qutunu tərs çevirib, fiqurları içinə doldurmağa başladı.
Amma danışığı kimi, hərəkətləri də təkrardan ibarət idi. Fiqurları
2-3 dəfə qutudan çıxarıb, təzdən yığdı. Qapağı zərblə örtüb, tam örtülməməyinə
fikir vermədən qoltuğunun altına qoydu. Elə qapıdan çıxırdı ki, çönüb mənə
baxdı.
-
Sən-sən pis adamsan. Pis. At mənimdi, mənimdi
at.
-
Hə, at sənindi. – yalandan gülümsəyə çalışıb
üzümü çevirdim.
Tamam həvəsim ölmüşdü. O qədər yol gəlmişəm və başıma gələn
hadisəyə bax! Dəlinin biri mənə pis adam olduğu deyir. Onu vecimə alası deyiləm ki!
-
Sən pis adamsan. - eşitdiyim
-
Nə? Niyə?
-
Əgər burnunu oynumuza soxmasaydın, o çıxıb getməzdi.
Indi axşama kimi neyləyəcəm mən?!
Düzü özümdə günah görmürəm. Atlar düz getməz axı! yəni sırf
şahmat dəsti onundu deyə atların səhv getməsinə göz yummalıdı?!
-
Mən sizə şahmat dəsti gətirərəm.
-
“Üzr istəyirəm”.
-
Nə?
-
Deməliydin.
Ayağa qalxıb, qarşımda dayandı. Saçları uzanıb az qala gözünə
girirdi. Deyəsən çoxdandı yuyunmadığından üfunət iyi verirdi. Nimdaş paltarının
ləkələrindən danışmağa dəyməz! Amma gözləri eyni idi... 9 il əvvəl, ilk dəfə o
kitabı əlimə alanda görmüşdüm bu gözləri. Amma o vaxt fərqli idi sahibi. Bahalı
kostyum, təraşlanmış bir üz və özündən əmin
duruşu ilə qarşımdakı bu adamdan çox fərqli idi. Qəribədi, elə indicə
xatırladım ki, mən bura niyə gəlmişəm. Bayaqdan ikrahla süzdüyüm bu adam mənim
idealım idi axı və mən onunla tanış olmaq üçün burada idim. Qeyri-iradı əlim
kostyumumun ikinci düyməsinə getdi. Qarşında idman geyimində olan biri varsa,
pencəyini düymələmək axmaqlıqdı. Əlimi tez yanıma saldım.
-
Üzr istəyirəm. Mənim adım Faiq...
-
Maraqlı deyil.
Çiynimə yüngülcə toxunub, yanımdan keçdi. Çarpayıya uzandı.
Mən isə nə deyəcəyimi bilmirdim. Nə deyə bilərdim ki?! Adımı deməyə belə icazə
verməmişdi. Çoxdandı belə
alçaldılmamışdım. Otağın ortasında eləcə dayanmışdım. Deyəsən getməliydim. Bir
addım geri atıb, dayandım. Bir-iki kəlimə pıçıldadım. Deyəsən “üzr istəyirəm”
kimi bir şey idi.
-
Məndən yox, bayaq gedən adamdan üzr istəməlisən.
-
Niyə? Bilirəm, sizə hörmətsizlik etdim Elman bəy...
– kinayəli bir gülüş məni susmağa məcbur etdi.
Elə ürəkdən gülürdü ki, elə bil dünyanın ən məzəli lətifəsinin
eşitmişdi. Üzümdə narazı bir ifadə ilə gülməyini kəsməsini gözləyirdim. Amma kəsilməkdənsə,
qəhqəhə çevrilirdi. Axır ki, bunun adı
gülüş olmadığı anladım. Bu dəli gülüşü idi... Neyləyəcəyimi bilmirdim. Çox
eşitmişdim, amma ilk dəfə idi ki, şahid olurdum. Onun bu halını görməmək üçün
üzümü çevirdim. Düzü qorxdum, hətda qapıya tərəf getmək də keçdi ağlımdan.
Fikrimi dəyişdirib cibimdən yaylığı çıxardıb, alnımdan süzülən təri sildim. Qəhqəhə
birdən başladığı kimi, elə birdən kəsildi.
-
Mənə çoxdandı “bəy” demirlər.
Belə bir cümlə gözləyirdim, amma bu tonda yox. Elə bil...
sevinirdi.
-
Ola bilər. Vəziyyətinizi nəzər alsaq. Yəni xəstəliyiniz....
-
Üzr istəməlisən.
Ya səbr! İlişmiş kaset kimi eyni şeyi təkrarlamaq nəyə lazım
axı? Cümləsini qulaqardına vurub, davam etdim.
-
Madam ki, məni tanımaq istəmirsiz, niyə gəldiyimi
açıqlayım heç olmasa. Sizinlə tanış olmaq istəyirdim, çünki...
-
Çünki mən sənin uşaqlıqdan sevdiyin yazaram.
100% kitabxananda bütün kitablarım var, mənim heyranım idin. Dayan bir tapım, məndən
ilham alıb yazmağa da başlamısan, hə?
-
Siz... hardan? Hə, yəqin məndən əvvəl gələnlər də
olub.
-
Yox, ilksən.
Etiraf edirəm, bunu gözləmirdim. Əslində onun çoxdan
unudulduğunu, saya salınmadığını bilirdim. Hətda birlikdə onun adını çəkəndə,
yanına gedəcəyimi deyəndə gülmüşdülər mənə. Amma onu yada salan tək mənəm? Deyəsən
nə fikirləşdiyim üzümdən bəlli olur, çünki diqqətlə mənə baxır. Gözlərimi
qaçırıb, davam etdim:
-
Inanmıram ki, sizin kimi bir yazarı hamı
unutsun. Əslində elə günahın çoxu sizdədi.
Burda olmağınız...
-
Əgər gözündən düşməyimdən bu qədər çox
qorxursansa, getsən yaxşıdı.
Bədənimdən gizilti keçdi. Özümə belə etiraf edə bilmədiyim
bir şeyi necə bilə bilər axı?! Bəlkə o...
-
Yox, özümü dəliliyə vurmuram, doğurdan dəliyəm.
Xarici psixatrlar belə bunu təsdiqləyib.
-
Siz...necə?
-
Sənin nə düşündüyünü bilirəm? Bu çətin deyil.
Sadəcə sənin yerinə özümü qoyuram. Uşaqlıqdan sevdiyin bir yazarı böyük
kitabxanasındakı dəri kresloda oturmuş yox, dəlixananın otağında, dəlinin biri ilə düz gedən at
şahmatı oynayan vəziyyətdə görürsən. Nə düşündüyünü anlayacaq qədər ağlım var hələki.
Aha, onun gözümdən düşməsindən çox qorxurdum. O mənim üçün
bir dahi, ideal idi. həmişə onun kimi bir yazar olmaq istəmişdim. Amma axrım
belə olacaqsa... Bu dəfə dürüst olacam.
-
Bəli, sizin gözümdən düşməyinizi istə...
-
Özünə bir stul çək, otur. Bəsdi əzilə-büzülə
“siz”lə danışdığın. Adam kimi danış.
-
Hə? Amma siz axı...
-
Mənim əvvəllər kim və ya nə olduğumun fərqi
yoxdu. Indi bir dəliyəm və dəli ilə “siz”lə danışdığını görsələr, səni də
burdakı otaqların birinə salarlar.
Burda yaşamağın xəyalı belə məni dəhşətə gətirirdi. Odur ki,
balaca uşaq kimi sözə qulaq asıb stulu çəkdim. Çarpayının yox, masanın yanında
oturmaq istəyirdim ki.
-
Yaxın gəl. Qorxma, dişləmərəm.
Dinməz-söyləməz stulu çarpayıya tərəf çəkdim. Fikirlərim
tamam qarışmışdı. Qarşımdakı bir dəli idi. 5 dəqiqə əvvəlki isterik gülüş buna
isbat idi, amma dedikləri... Dürüstlük mənə yaramır.
-
Nə vaxt burdan çıxacaqsınız...san?
-
Güya mən istəsəm buraxarlar? Mən dəliyəm cavan
oğlan, normal adamların yanında nə işim var?. Həm bura da pis deyil. Yeməyim,
içməyim, əyləncənidəki özün gördün.
-
Amma siz yenə kitab yazmalısız. Sonuncu
kitabınız yarıda qalmışdı. Onu tamamlayın mütləq!
Elə həmən saniyə dediklərimə peşman oldum. Bayaqdan tavana zillədiyi
gözlərini mənə tərəf çevirdi. Dodağı qaçdı. Hiss edirəm ki, gülməyini güclə
saxlayır. Böyük ehtimalla məni qorxutmamaqdan ötrü.
-
Elə bilirdim bura gələndə “onu elə, bunu elə”
deyənlərdən canımı qurtaracam. Sənalla, sən hardan gəlib yapışdın yaxama? Elə
vacibdi, özün tamamla.
-
Axı... Axı o sizin kitabınızdır! Mən əlyazmanızı
oxumuşam, möhtəşəmdir! Tamamlansa, lap elə olar. Bestseller olar, xaricdə belə
satılar! Həm mövzusu...
-
Dəlixanadakı bir dahinin gündəliyi hə? Çox
maraqlıdı, fəlsəfi fikirlər çoxdu, psixologiyanın isə anasını ağlatmışam orda!
Yenə gülməyə başladı. Amma qorxduğumun əksinə bu dəfə qısa çəkdi.
Tarıma çəkilmiş əzələlərimi boşaldıb, nəfəsimi çölə buraxdım. Deyəsən bunu hiss
etdi. Yenə dodağı qaçdı.
-
Cavan oğlan, getsən yaxşıdı.
-
Amma məni başa düşmürsüz. Heç kimə deməyəcəm,
bilirəm ki, bura o hissləri anlamaq üçün gəlmisiz. Bəs deyil? Hər şəyi
gördünüz, yaşadınız hə? İndi qayıda bilərsiz.
Dikəlib, çarpayıda oturdu. Gözlərini mənə zilləyib boş-boş
baxdı. Adi insanların gözlərində əsla görə bilmədiyim o soyuq parıltı yenə
ordaydı. Eyni o kitapın arxa cildindəki şəklində olan kimi... İndi əminəm, o
mütləq buna görə bura gəlib. Əlbətdə! Güya az olub ki, dahi yazarlar əsərlərindəki
yerləri, insanları daha yaxşı tanımaq üçün aralarında yaşayıb?. Düzü mən heç
eşitməmişəm, amma mütləq olub!
-
Ağıllı olmağın ən böyük mənfisi odur ki, sənə
axmaq olmağa icazə vermirlər.
-
Çünki axmaqlar yığnağında bir ovuc ağllı insan
var, onları da itirə bilmərik.
-
Sənin ağlllılardan olduğunu kim dedi?
Sual kimi səslənsə də, belə deyildi. Onun baxışından hiss
edirdim bunu. Əlbətdə, mənim ağıllılardan olduğumu kimsə deməmişdi. Amma deməlidilər
ki? Özüm bunu hiss edirəm. Hamı axmaq-axmaq işlər görür, bir-birlərinə quyruq
bulayırlar, quyu qazırlar. 1-2 manat üçün doğma qardaşını öldürməyə hazırdılar.
Televiziya da mənasız şouları izləyən, hələ bir onlara gülən axmaqlar bəs?!
Gic-gicə dəbdən danışmıram belə! Bəs niyə bunu ona deyə bilmirəm? Elə bil sözlər
boğazımda düyümlənib. Ola bilməz ki, bu dediklərimdə yalan olsun? Bu nədi belə?!
Öz-özümə şübhə edirəm?!
-
Fikir vermə, buranın havasındandı. Adamı
ağlından şübhə etməyə məcbur edir.
Alnımda puçurlanan təri əlimin tərsi ilə silib, düz gözlərinə
baxdım. Düşündüyüm kimi, mənə gülürdü! Dodağı tərpənməsə də, gözlərində eyni
boş baxış olsa da, mənə gülürdü! Bunu hiss edirdim.
-
Getsən yaxşıdı.
-
Hə.
Ayağa qalxıb, sağollaşmaq üçün əlimi uzatmaq istədim. Yadıma
düşdü ki, heç salamlaşmaq üçün əl uzatmamışdım. Indi sağollaşmaq üçün əl
uzatmaq axmaqlıq olardı. Qollarımı yanıma salıb, qapıya tərəf addımladım.
-
Ondan üzr istəməlisən.
Səbr kasamı daşıran son damla... Əlimi dəstəkdən çəkib, ona
tərəf çöndüm. Əsəbi şəkildə bağırmağa başladım:
-
Niyə üzr istəməliyəm axı?! Atlar düz getmir!
Bunu bilməyəcək qədər axmaq olmasından mənə nə? Dəli olması heç nəyi dəyişdirmir!
Atlar düz getmir! Bilmirsə, öyrənsin! Xaricdə dəlilər şahmat yarışlarına
qatılır, bizim dəlilərimiz də ağıllılarımız kimi axmaqdı! Atlar düz gedə bilməz,
başa düşürsən?! Düz gedə bilməz...
-
Onun atını düzəltdin, çünki mənim fillərim eyni
rəngli xanalarda idi. Mənim fillərimi düzəldə bilməzdin, mən dahi idim. Amma
onun atına qarışa bilərdin, çünki o dəli idi hə? Əslində mənə öyrətmək istəyirdin,
hə?
Qapının ağzında qurudum qaldım... Bu sözləri elə sakit tonda
deyirdi ki, elə bil balaca uşağa səhvini başa salır. Elə idi. Əslində öyrətmək
istədiyim o idi, amma bunu edə bilməzdim. Mənim niyə “maraqlı” olmadığımı
anlayırdım artıq. Çünki məni tanımışdı. Adımı, yaşımı, haralı olduğumu, işimi və
hətda maaşımı demədən tanımışdı. Gülmək istədim.
-
Ondan üzr istə. At onundur, istəyər “L” şəklində
aparar, istəyər “O”.
“O” şəklində getsə, başladığı yerə qayıdar axı. Ağlıma gələn
bu axmaq fikrə özüm gülümsədim. Görəsən bunu ona deyim? “Cənab dəli, siz mənə həyatımın
dərsini verəndə, mən “O” şəklində getməyin axmaqlıq olduğunu düşünürdüm.” - görəsən belə desəm nə olar?
-
Salamat qalın.
Otaqdan çıxan kimi dərindən nəfəs aldım. Mən özümə gəlməyə
macal tapmamış o qadın yenə yanımda bitdi. Gülümsəyərək mənə baxıb dedi:
-
Bitdi danışığınız Elman “bəy”lə?
Qəribədi, bu dəfə “bəy” sözünü xüsusi vurğu ilə deməsi məni
qıcıqlandırmadı. Əksinə, gülümsədim. O da bundan cəsarət alıb, biraz da
yaxınlaşdı. Allah eşqinə, bu dişləri
fırça ilə qovuşdurun!
-
Bəli, danışdım.
-
Onda sizi çölə qədər ötürüm.
-
Çox sağ olun.
-
Aa, demədiz axı, babanız hardan idi?
-
Zaqataladan.
-
Hmm, nə yaxşı.
Qadının üzündəki “bilirdim!” baxışına məhəl qoymayıb
addımlarımı yeyinlətdim. Mümkün qədər tez burdan çıxmaq istəyirdim. Amma xanım
“yeriyən 150 kilo” mənə çatmağa çətinlik çəkdiyindən yavaşlamalı oldum. Yenə bu
qışqırıqlar... Artıq özümü “cəsur” göstərməyə ehtiyac yoxdu, barmaqlarımla
qulağımı tıxayacam. Bu dəlilərin...
-
Elman bəyin otağındakı o adamı tanıyırsız? O
sözləri bir neçə dəfə təkrarlayan, arıq, uzun adamı deyirəm? Şahmat dəsti var.
Axır ki, qadın kimdən danışdığımı anlayıb başını yellədi.
çiynini çəkib, iyrənirmiş kimi üz-gözünü turşudub dedi:
-
Qariki deyirsən? Hə, bilirəm. Nolub ki?
Artıq burdaki iydən başım gicəllənməyə başlayırdı. Hələ
bağırışmaları demirəm. Heç halına tafavüt etməyən qadına paxıllıq edirdim. O isə
hələ də məndən cavab gözləyirdi... Dodaqlarımı bir-birinə sıxıb, qaşlarımı
çatdım. Dərindən nəfəs alıb, az qala dişlərimin arasında fısıldadım:
-
Məni onun otağına aparın zəhmət olmasa...
Son
Müəllif: Cəmilə Məmmədli
Hiç yorum yok :
Yorum Gönder