musiqi

14 Ocak 2015 Çarşamba

Susqun. Hissə 2



İndi 6 ay sonra o oğlan gülümsəyərək Bənövşəyə baxırdı...yenə... Bilmirdi buna sevinsin, ya əsəbləşsin. Tək bildiyi 6 ay boyunca hər gün o Böyük çinarın yanından keçərkən ümidlə ona gülümsəyərək baxan oğlanı görmək istədiyi idi. Donub qalmışdı nə edəcəyini bilmədən, lakin uzun müddət oğlana baxdığını anlayıb utancdan qızardı. Başını aşağı salıb
sakitcə yoluna dəvam etdi. Asta-asta addımlarkən, səbəbini bilməsə də, oğlanın onu dayandırmasını arzulayırdı. Öz-özünə: "ALLAHım onu birdə görə biləcəm? Nolar dayandırsın, ya da yox heç nə deməsin. Of! Nə olub mənə belə?"-deyə pıçıldarkən arxadan gələn səsdən donub qaldı...
...arxadan gələn səsdən donub qaldı. Kimsə 5-6 addım arxasında dayanıb gülürdü. Bənövşə bu gülüşü tanıyıb əsəbiliklə geriyə çevrildikdə, gözlədiyi kimi həmin oğlanın ona baxıb güldüyünü gördü. Qəzəblə nəsə demək istəsədə özünü saxlayıb, başını aşağı saldı. Qarşısındaki oğlan Bənövşənin esebleşdiyini anlamış kimi susdu. Bir addım ona yaxınlaşıb dedi:
-Öz-özünə nə danışırsan balaca?
Bənövşə oğlanın onun dediklərinin hamısını eşitdiyini düşünüb qızardı. Bir anlıq nə deyəcəyini bilmədi...

Murad qarşısındaki qızın qızardığını görüb gülümsədi. "Eh balaca, utananda daha gəşəng olursan. Kim olduğunu bilsəm bircə, bir ömür mənim olacaqsan"-deyə düşünüb, soruşdu:
-Adın nədi balaca?
Qız başını qaldırıb qəzəblə ona baxaraq:
-Mən balaca deyiləm! Adımdan sənə nə?-deyib geriyə çevrilib, az qala qaçaraq getdi.
Murad bir anlıq donub qaldı. Sonra özünə gəlib iti addımlarla qızın arxasıyca getdi. Amma o qız çoxdan ağacların arasında itmişdi. Durmadan ora-bura qaçıb qızı tapmağa çalışırdı, sonunda yorulub
...arxadan gələn səsdən donub qaldı. Kimsə 5-6 addım arxasında dayanıb gülürdü. Bənövşə bu gülüşü tanıyıb əsəbiliklə geriyə çevrildikdə, gözlədiyi kimi həmin oğlanın ona baxıb güldüyünü gördü. Qəzəblə nəsə demək istəsədə özünü saxlayıb, başını aşağı saldı. Qarşısındaki oğlan Bənövşənin esebleşdiyini anlamış kimi susdu. Bir addım ona yaxınlaşıb dedi:
-Öz-özünə nə danışırsan balaca?
Bənövşə oğlanın onun dediklərinin hamısını eşitdiyini düşünüb qızardı. Bir anlıq nə deyəcəyini bilmədi...

Murad qarşısındaki qızın qızardığını görüb gülümsədi. "Eh balaca, utananda daha gəşəng olursan. Kim olduğunu bilsəm bircə, bir ömür mənim olacaqsan"-deyə düşünüb, soruşdu:
-Adın nədi balaca?
Qız başını qaldırıb qəzəblə ona baxaraq:
-Mən balaca deyiləm! Adımdan sənə nə?-deyib geriyə çevrilib, az qala qaçaraq getdi.
Murad bir anlıq donub qaldı. Sonra özünə gəlib iti addımlarla qızın arxasıyca getdi. Amma o qız çoxdan ağacların arasında itmişdi. Durmadan ora-bura qaçıb qızı tapmağa çalışırdı, sonunda yorulub
təngnəfəs halda bir ağaca söykəndi. Özüdə hiss etmədən gülümsəyib pıçıldadı:
-Eybi yox balaca...balacam. Tapacam səni mütləq...

Bənövşə ondan qaçdıqdan sonra, bir bağın çəpərinin arxasında gizləndi. Bayaqdan oğlanın ora-bura qaçıb onu axtarmasını için-için gülərək seyr edirdi. Sonunda onun yorulub ağaca söykəndiyini görüb, astaca ayağa qalxıb bağ arası çığırla məktəbə tərəf getdi.(müəllif Cəmilə Məmmədli) Üzündə səbəbini bilmədiyi bir təbəssüm vardı...
Məktəbdə axrıncı dərs idi. Bənövşə həmişəki yerində-sonuncu partada oturub müəllimənin dediklərinə qulaq asmağa çalışırdı. Amma nə qədər diqqətini toplamağa çalışsada, o oğlan ağlından çıxmırdı. Fikrini dağıtmaq üçün yanındaki pəncərədən çölə baxmağa başlayanda, gördüyü mənzərədən təəccübləndi. Üzünü tez çevirib öz-özünə pıçıldadı:
-Yox... Bu ola bilməz.
Əmin olmaq üçün birdə baxdı, bu "o" idi. Məktəbin həyətində qoca Zahid müəllimlə söhbət edirdi. "ALLAHım birdən o məni soruşsa? Bu atamın qulağına getsə? Mən
neynəyərəm onda, atam məni öldürər..."-bu düşüncələrdən dəhşətə gəlib, əliylə üzünü tutdu. Qorxu və həyacandan titrəyirdi...

Murad bütün günü o qızı fikirləşmişdi. Cəmi iki dəfə gördüyü qız, onu öz ürkək bağışları ilə ovsunlamışdı sanki. Bakıda olarkən həyatında qızlar olmuşdu, lakin heç birinə bağlanmamışdı. Onun üçün tək doğru, anasının uyğun gördüyü qızla evlənmək idi, amma bu qız onun bütün doğrularını yıxmışdı.
Bu kimi düşüncələrlə nə edəcəyini bilmədən saatlarca dolandı bağları. Birdən ağlına gələn fikirlə, əlini əsəbiliklə alnına vurub pıçıldadı:
-Maymaq! O qız əlində kitablarla, səhərin bu vaxtı hara gedə bilər? Əlbətdə məktəbə! Görəsən neçənci sinifdə oxuyur? Hmm...özü cılız görünsədə, böyük qızdı. 11-də oxuyur yəqin-deyib, gülümsəyərək heç də uzaq olmayan məktəbə tərəf qaçmağa başladı.
İndi də məktəbin həyətində rastlaşdığı, onu sorğuya çəkən Zahid müəllimdən nəsə öyrənməyə çalışırdı:
-Oğlum səndə bu məktəbdə oxuyursan?
Murad qocanın bu sualından təəccüblənib diqqətlə ona baxmağa başladı.
Əslində boşa təəccüblənmirdi, 22yaşlı, boylu-buxunlu oğlanın orta məktəbdə oxuduğunu zənn etmək gülünc və absurd idi. Amma Murad Zahid müəllimin qalın eynəklərindən o qədərdə yaxşı görmədiyini anlayıb gülümsəyərək, çiynini çəkib:
-Yox müəllim, mən bir qızı...-deyib dayandı. "Of, mən o qızı necə soruşum axı? Nə deyəcəm? Müəllim yolda bir məktəbli qız görüb bəyənmişəm, bilmirsiz o kimdi?-desəm yaşına baxmadan kəndin o başına kimi qovalıyar məni"-deyə düşünüb çarəsizcə yerə baxmağa başladı, lakin Zahid müəllim yenə onu şoka salmağı bacarmışdı:
-Həə... Başa düşdüm, qızını məktəbə qoymaq istəyirsən.
Murad təəccübdən geniş açılmış gözlərini müəllimə dikərək gülməyini güclə saxladı. "Nə?! Bayaq şagird idim, indi uşaq atası oldum? Bizim kəndə təzə müəllimlər lazımdı mütləq"-dəyə düşünüb gülümsəyərək başını yellədi:
-Yox müəllim, mən xalamqızını aparmağa gəlmişəm. Burda, 11-ci sinifdə oxuyur-deyib tapdığı bəhanədən razı qalıb gülümsəyirdiki, bu sevinci çox çəkmədi:
-Helə? Lap yaxşı, mən də 11-cilərə dərs
deyirəm. Adı nədi?
Murad nə deyəcəyini bilmədən əsəbiliklə ətrafa baxmağa başladı. Sonunda özünü toplayıb, güclə eşidiləcək tərzdə:
-Adı...adı yadımdan çıxdı-deyib utanaraq başını aşağı saldı.
Zahid müəllim əlini Muradın çiyninə qoyub:
-Olan şeydi bala, mənimdə başıma çox gəlib-deyib, gülümsəyərək sözünə dəvam etdi:
-11-də 3 qız oxuyur cəmi. Nəzakət, Dilbər, birdə...adı nəydi o qızın...bizSusqun deyirik. Da hansı sənin "xalan qızı"dı özün taparsan-deyib mənalı-mənalı gülümsəyib ondan aralandı.
Murad təəccüblə saçını qarışdırıb, pıçıldadı:
-İndi bu müəllim hər şeyi başa düşdü, ya başa düşmədi? Of, məktəbdə oxuyanda da müəllimləri anlamırdım, indi də anlamıram...

Bənövşə 5 dəqiqədən bir pencərədən həyətə baxırdı.(müəllif: Cəmilə Məmmədli) Hər dəfəsində oğlanı orda gördükcə həyacanı, qorxusu daha da artırdı. Elə bu vaxt müəllimə onu çağırdı:
-Nəcəfova, qalx ayağa!
Onsuzda yetərincə gərgin vəziyyətdə olan Bənövşə, titrəyərək ayağa qalxdı.
-Nəcəfova fikrin hardadır sənin? Heç qulaq asırsan mənə?
-Bə...bəli müəllimə...
-Onda de görüm, mən axrıncı dəfə nə dedim?
Bənövşə diqqəti hələ də, o oğlanda olduğundan çaşqınlıqla:
-'Mən axrıncı dəfə nə dedim' dediniz müəllimə.-deyib, elə həmin an da nə dediyini anlayıb, utancından qızardı. Müəllimə qəzəblə Bənövşəyə baxıb qışqırdı:
-Məzələnirsən mənimlə?!
-Yo...xeyr müəllimə. Bilmədən elə dedim, üzr istəyirəm.
-Otur yerinə Nəcəfova! Səndən tərbiyə gözləmirəm, atanın qızısan.
Bənövşə müəllimənin son sözlərindən sarsılaraq yerinə oturdu. Gözlərindən səssizcə yaş süzülürdü...
Əslində atasının hərəkətlərindən özüdə çox utanırdı. Atasına görə onsuzda susqun olan Bənövşəni məktəbdə heç kəs danışdırmazdı. Ara qarışdırmaqla, yalançılıqla, iki üzlülüyü ilə məhşur idi atası bu kənddə. Amma öz atasını Bənövşə seçmişdiki? Təəssüf...bu dünyada heyvanlara cinsinə, insanlara nəslinə görə qiymət verirlər. Bəs fərqimiz nə olur?

Bənövşə dərs bitsədə, hələ də pencərədən baxıb, o oğlanın getməsini gözləyir. Əslində oğlanla yenə
danışmaq istəsədə, bunun düzgün hərəkət olmayacağını anladığından sakitcə gözləyirdi. Sonunda oğlan getdi, Bənövşə ürkək addımlarla məktəbdən çıxıb evinə tərəf getdi. Düzgün hərəkət etdiyinə sevinsədə, ürəyində azda olsa peşmanlıq vardı. Biraz gec çıxdığı üçün qaçaraq eve getdi. Qapılarının ağzına çatdıqda bir anlıq dayandı. Ürkək halda qapını açıb içəri keçdikdə üzünə bərk bir sillə dəydi.
Atası:
 -Hardasan ay namussuz?! İndi də məktəb adıynan çıxıb, gədə-güdəylə görüşürsən?! Hamı çoxdan gəlib o xarabadan, sen hardaydın?!...-deyib, suallarına cavab gözləmdən, vəhşicə döyürdü Bənövşəni...  

Müəllif: Cəmilə Məmmədli 

24 Aralık 2014 Çarşamba

Susqun...


                         Proloq:
Hər bir qadının dünyaya gəldiyi anda ilk öyrəndiyi şey-susmaq! Xüsusi ilə Azərbaycanda... Atanın, qardaşının, ərinin etdiklərinə sən azmı susmusan? Hər zaman susuruq... Hələ uşaqkən ərə verilən, oxumaqdan məhrum edilən, evə məhkum edilən qadınlar... 
Qadın olaraq dünyaya gəlməyin lənətini daşıyanlardan biri idi Bənövşə. Atası oğlan övlad istəsə də, ALLAH Bənövşəni vermişdi ona. Dünyaya gəldiyi ilk gündən atası qız olduğu üçün ona və anasına işgəncə edirdi. Anası isə qızının yaxşılığı üçün susurdu və qızına da susmağı öyrətmişdi...

BÖLÜM 1:
Bənövşə kitablarını sinəsinə sıxıb, başını aşağı salaraq məktəbə gedirdi. Üzündə isə 30 dəqiqə əvvəl yaşadıqlarının kədəri vardı...

30 DəƏQİQə əƏVvəƏL:
Atası Bənövşənin kitablarını götürdüyünü görüb, qaş-qabağını töküb qəzəblə qışqırdı:
-Arvad! Bu qızın çox gedəcək məktəbə? 16 yaşı var, bir istiyəni çıxmadı verim getsin.
Bənövşənin anası yan otaqdan yorğun halda gəldi. Neçə il idiki xəstə idi. İndi də saralmış üzünə zorla gülümsəmə
yerləşdirib, xasiyyətini bildiyi ərini şirin dili ilə sakitləşdirməyə çalışdı:
-A kişi, nə olub yenə? Hələ uşaqdıda qız. Qoy rahat məktəbə getsin sənallah.
Atası:
-Bu məktəb nəyə lazımdı baş açmıram mən. Onsuzda gedib bozbaşını bişirəcək yad oğlunun evində-deyib əliylə qapının ağzında başı aşağı dayanmış Bənövşəni göstərib dəvam etdi:
-Bu neybəti kim alacaq heç bilmirəm! Bircə harasa rədd olub getsəydi...
Bənövşənin anası qızının daha da pis olduğunu görüb, güclə addımlayıb əlindən tutaraq çölə çıxartdı. Qapını arxasıyca örtüb, ərinin eşitməməsi üçün pıçıltıyla dedi:
-Mənim gözəl qızım, sən fikir vermə atana. Bilirsən, o elə danışır ancaq.
Bənövşə başını qaldırmadan, "yaxşı" mənasında yellədi.
Anası xəstəlikdən gücünü itirmiş qollarını qaldırıb qızının yanağını oxşadı. Gözlərinə sevinc qarışıq qürurla baxıb dedi:
-Mənim gözəl balam. Anan qurban olsun gözlərinə. Sən oxu, heç nəyə fikir vermə. İnşALLAH bəlkə atanın ürəyinə rəhm düşər, səni qoyar instut oxumağa.
Bənövşə bunun heç vaxt
 gərçəkləşməyəcək xəyal olduğunu bilsə də, anasının xətrinə gülümsəyib, onu bərk-bərk qucaqladı...

 Yol gedə-gedə bu olanları fikirləşirdi. 11 il idiki hər məktəbə gedişində bunlar yaşanırdı...hər gün... Son 2 il isə atası daha da zalımlaşmışdı. Xəstə anasını onu bəhanə edib dəfələrlə döyürdü. Gözündən axan bir damla yaşı əlinin tərsiylə silib öz-özünə pıçıldadı:
-Sonuncu ay... Bu ayda keçsin məktəb bitəcək, həmişə anamın yanında olacam.
Bu sözlərdən güc almış kimi addımlarını daha da sürətləndirdi. Böyük çinarın yanından keçərkən, nəsə hiss etmiş kimi dayandı. Ürkək nəzərini çinara tərəf çevirdikdə "o"nu gördü... Keçən dəfə ki, kimi gülümsəyərək baxırdı...

6 AY ƏəVVəL:
Bənövşə asta addımlarla məktəbə gedirdi. Böyük çinarın yanından keçərkən bir səs onu dayandırdı:
-Ay qız, hara gedirsən?
Bənövşə bir anlıq donub qaldı, sonra özünə gəlib ürkək halda geriyə çevrildi. Gördüyü isə-əsgər paltarında çinara söykənib gülümsəyərək ona baxan gənc oğlan.
Oğlan ona elə baxırdıki, Bənövşə bu baxışlardan utanıb, başını aşağı salıb yoluna dəvam etdi. Arxaya baxmasada o oğlanın arxasıyca gəldiyini hiss edirdi. Qurur qarışıq sevinclə gülümsəyib, kitabları sinəsinə daha bərk sıxdı. Lakin bu sevinci çox çəkmədi, atasını qəzəbli baxışları, onu vurmaq üçün qalxan əli gəldi ağlına. Birdən içinə dolan qorxuyla addımlarını daha da sürətləndir.

Murad Bakıda instutu bitirib əsgərliyə getmişdi. 10 günlük məzuniyyətini doğma kəndində keçirtməyə gəlmişdi və bu gün sonuncu gün idi. İlk baxışdan onu cəlb edən bu qızın arxasıyca gedərkən, sonuncu gün ona rast gəldiyinə görə ürəyində deyinirdi. Əsgərliyinin bitməsinə 6 ay vardı hələ...
Bu kimi düşüncələrlə boğuşarkən birdən qızın sürətləndiyini gördü. "Yox balaca, qaça bilməzsən"-deyə düşünüb gülümsəyərək o da sürətləndi.(müəllif: Cəmilə Məmmədli) Lakin qarşısındaki qızın, cılız bədəninə uymayan sürətlə yeridiyini görüb, yeriyerək ona çata bilməyəcəyini anladı. Qaçmağa başlayıb, ona çataraq qolundan tutub özünə çəkdi.
Tənginəfəs halda az qala qucağında olan qızın ürkək gözlərinə baxıb gülümsədi. Çox yaxın olduqları üçün qızın qorxudan titrədiyini hiss edə bilirdi. Onu sakitləşdirmək üçün nəsə demək istəsədə, ürkək gözlərində elə tutulub qalmışdıki, güclə nəfəs alırdı. Sonra özünü toplayıb pıçıldadı:
-Qorxma... Adın nədi sənin balaca?
Qız hələ biraz qorxsada, "balaca" sözünə əsəbləşib, qaşlarını çatıb dedi:
-Mən balaca deyiləm!
Murad onun sözünə azca gülüb:
-Balacasan axı. Görəsən evdə sənin payını kim yeyirki belə balaca qalmısan?-deyib gülümsəyərək gözlərinə baxdı.
Həqiqətən kənardan baxdıqda iri, əzələli Muradın qolları arasında Bənövşə olduqca cılız görünürdü. Özüdə bunu başa düşsə də, bu yaraşıqlı oğlanın ona "balaca" deməsi qüruruna toxunmuşdu. Bu kimi düşüncələrlə gözlərini ondan qaçırmağa çalışırdıki, birdən sanki ayıldı. Az qala qucaqlaşmış vəziyyətdə biri onları görsə, adına nələr deyilməzdi...hələ onsuzda onu döyməyə bəhanə axtaran atası... Bəxti gətirmişdiki məktəb çox uzaqdaydı və yolu bağların
arasından keçirdi. Lakin buna arxayın ola bilməzdi... Ağlına gələn qorxunc fikirlərdən diksinib, bütün gücüylə oğlanı itələdi. İti addımlarla yoluna dəvam edirdiki birdən dayandı. Geriyə çevrildikdə oğlanın ona təəccüblə baxdığını görüb qeyri-ixtiyari gülümsədi. Birdən özünə gəlmiş kimi ciddiləşərək:
-Mən balaca deyiləm! Sən kiminsə payın yeyib, belə div boyda olmusan.-deyib əsəbi şəkildə çevrilib yoluna dəvam etdi....

Murad eşitdiklərindən donub qalmışdı. Birdən qəh-qəhələrlə gülərək öz-özünə danışmağa başladı:
-Div kimi? Mənəm div? Eybi yox balaca. Mən divəmsə, sən də mənim cırtdanım olarsan, səni yeyərəm... 

İndi 6 ay sonra o oğlan gülümsəyərək Bənövşəyə baxırdı...yenə... Bilmirdi buna sevinsin, ya əsəbləşsin. Tək bildiyi 6 ay boyunca hər gün o Böyük çinarın yanından keçərkən ümidlə ona gülümsəyərək baxan oğlanı görmək istədiyi idi. Donub qalmışdı nə edəcəyini bilmədən, lakin uzun müddət oğlana baxdığını anlayıb utancdan qızardı. Başını aşağı salıb
sakitcə yoluna dəvam etdi. Asta-asta addımlarkən, səbəbini bilməsə də, oğlanın onu dayandırmasını arzulayırdı. Öz-özünə: "ALLAHım onu birdə görə biləcəm? Nolar dayandırsın, ya da yox heç nə deməsin. Of! Nə olub mənə belə?"-deyə pıçıldarkən arxadan gələn səsdən donub qaldı...

19 Aralık 2014 Cuma

dahi ilə görüş

                     “Dahi” ilə görüş.


  Vəhşi heyvanları xatırladan çığırtılar, sənə tərəf uzanan əllər, quzğun kimi səni izləyən gözlər... Bütün bunlar kabus kimi səslənir, hə?  Mən onsuzda kabusdayam. Əgər kəsif dərman qoxusunu da əlavə etsək, ruhi xəstələr dispanserində. Boyası çoxdan tökülmüş bu qaranlıq dəhlizdə atdığım hər addım məni bu dəlilər cəhənnəminə itələyir. Bunlar heç susmaq bilməzlər görəsən?! Bəs bu qədər sakitləşdirici dərmanlar hara gedir?! Biri kəssin bunların səsini! Qaçmaq, var gücümlə qaçıb bu lənətə gəlmiş binadan çıxmaq istəyirəm! Etiraf edim? Qorxuram! Onların mənə bir zərər verməsindən yox, onlardan biri olmaqdan... Mənimlə yanaşı addımlayan qadına baxdıqca bu qorxum daha da artır. 50 yaşında olar, ya olmaz. Amma gözləri... Çoxdan ölmüş, məzardan xortlamış birinin gözləri kimi. Bom-boz üz, qırışmış sifət , qara halqa ilə çevrələnmiş, soyuq parıltılı gözlər... Deyəsən ona baxdığımı hiss etdi. Başını qaldırıb, saralmış dişlərini çöldə qoyaraq gülümsədi... Əla! Indi daha çox qorxuram.
-          Gənc olmağınıza baxmayaraq çox cəsursuz. Hər adamın işi deyil ilk dəfə bura gələndə qorxudan dəli olmamaq.
Görəsən Azərbaycan dili lüğətindəki bütün sözlər tükənmişdi ki, bu komplementində “dəli” sözünü işlətdi?. Ağlımdan keçənləri deyə bilməzdim. Sadəcə gülümsəməklə kifayətləndim. Yəni “təşəkkür edirəm, amma çox danışmayın”.
-          Hardansan?
Marsdan! Ya səbir...
-          Bakılıyam.
-          Əsl Bakılı? Yoxsa sonradan gəlməsən?
Haralı olduğumu deyəndən sonra bu sualı verməyən bir adama rastlasam, sevincimdən boynuna atılacam. Bir dəqiqə, biz nə vaxt “sən”ə keçdik?! Ya səbir...
-          Atam Bakılı idi.
-          Bəs baba...
-          Elman bəyin otağına çatmadıq?
Qadın gözlərini süzdürüb, əli ilə dəhlizin sonundakı otağı göstərdi. Deyəsən kinayəli şəkildə gülümsədi də. Ya bu mənim kobudcasına sözünü kəsməyimə görə idi, ya da...
-          Elman “bəy”in otağı buradı. Təhlükəli deyil, içəri tək girə bilərsiz.
Ya da...
    Bu qapının arxasında uşaqlığımın idealı var. Dəfələrlə mükafat almış dahi bir yazar. Elman Cabbarov! Adını eşitmək belə, məni  hörmətdən ayağa qalxmağa məcbur edən şəxs. Amma son illər adını ancaq məsxərəyə qoymaq istəyənlər çəkir. İdealım... Mənə özümü tanıdan kitabların müəllifi... Onun kimi olmaq əl çatmaz xəyalım idi. İndi isə...
   Qapının dəstəyini tutsamda, aşağı çəkməyə tərəddüt edirdim. Bura qədər yaxşı gəlmişdik, bəs içəridəki adamı gördükdə nə edəcəkdim? İçəri girib, “Salam. Mən uşaqlıqdan bəri sizə heyranam və indi sizə baş çəkməyə gəlmişəm. Dəli olmanız mənim üçün problem deyil.” deyim? Bura qədər gəldim, qapını aça bilərəm. Dəstəyi aşağı basıb, qapını özümə tərəf çəkdim. Özümü cəld içəri atdım ki, tərəddüt etməyim. Hər şeyə hazıram...
  Amma buna yox! İki dəmir kənarları olan çarpayı, dəmir barmaqlığı olan balaca pencərə, kiçik masanın yanındakı 2 stul. Pis şərait deyil. Bəs bu nədir?! Adi idman geyimində, saçı saqqalına qarışmış bir adam şahmat oynayır, həm də bir dəli ilə! Mənim içəri girdiyimdən xəbərləri yoxdur deyəsən. Yüngülcə öskürdüm, amma məni vecinə alan olmadı. Bir tək o dəli üzümə baxıb gülümsədi və yenə üzünü çevirib şahmat taxtasına diqqətlə baxmağa başladı. “atı” əlinə alıb o üzünə, bu  üzünə baxdı. İnana bilmirəm...  4 dama iləri qoydu!
-          “At” elə getmir!
Özümdən aslı olmadan qışqırdım. İkisi də çönüb mənə baxmağa başladılar. Elə bil səhv edən mən idim. Dözə bilməyib, masanın yanına gəldim. “Atı” əlimə alıb, əslində olmalı olduğu yerə qoydum.
-          Atlar “L” hərifi kimi ilərləyir ancaq. O “top” deyil ki, düz getsin.
-          Sənə kim dedi ki, atlar elə gedə bilməz?
-          Necə yəni kim? Şahmatın öz qanunları var axı! Gərək kimsə deyə?!
   Uşaq vaxtı bu anın o qədər xəyalımda canlandırmışdımki. Ən sevdiyim yazarla görüşəcəkdim, ona əsərləri haqqında ağlıma olan bütün sualları verəcəkdim, öz yazdığım qaralamalı göstərəcəkdim... İndi isə qarşımda bir “at”ın necə getdiyini belə bilməyən bir dəli var.
-          Mən...mən gedirəm. Gedirəm. Aparıram... Aparıram bunu. At mənimdi... mənimdi. – deyən  o biri dəli taxta qutunu tərs çevirib, fiqurları içinə doldurmağa başladı.
Amma danışığı kimi, hərəkətləri də təkrardan ibarət idi. Fiqurları 2-3 dəfə qutudan çıxarıb, təzdən yığdı. Qapağı zərblə örtüb, tam örtülməməyinə fikir vermədən qoltuğunun altına qoydu. Elə qapıdan çıxırdı ki, çönüb mənə baxdı.
-          Sən-sən pis adamsan. Pis. At mənimdi, mənimdi at.
-          Hə, at sənindi. – yalandan gülümsəyə çalışıb üzümü çevirdim.
Tamam həvəsim ölmüşdü. O qədər yol gəlmişəm və başıma gələn hadisəyə bax! Dəlinin biri mənə pis adam olduğu deyir.  Onu vecimə alası deyiləm ki!
-          Sən pis adamsan. - eşitdiyim
-          Nə? Niyə?
-          Əgər burnunu oynumuza soxmasaydın, o çıxıb getməzdi. Indi axşama kimi neyləyəcəm mən?!
Düzü özümdə günah görmürəm. Atlar düz getməz axı! yəni sırf şahmat dəsti onundu deyə atların səhv getməsinə göz yummalıdı?!
-          Mən sizə şahmat dəsti gətirərəm.
-          “Üzr istəyirəm”.
-          Nə?
-          Deməliydin.
Ayağa qalxıb, qarşımda dayandı. Saçları uzanıb az qala gözünə girirdi. Deyəsən çoxdandı yuyunmadığından üfunət iyi verirdi. Nimdaş paltarının ləkələrindən danışmağa dəyməz! Amma gözləri eyni idi... 9 il əvvəl, ilk dəfə o kitabı əlimə alanda görmüşdüm bu gözləri. Amma o vaxt fərqli idi sahibi. Bahalı kostyum, təraşlanmış bir üz  və özündən əmin duruşu ilə qarşımdakı bu adamdan çox fərqli idi. Qəribədi, elə indicə xatırladım ki, mən bura niyə gəlmişəm. Bayaqdan ikrahla süzdüyüm bu adam mənim idealım idi axı və mən onunla tanış olmaq üçün burada idim. Qeyri-iradı əlim kostyumumun ikinci düyməsinə getdi. Qarşında idman geyimində olan biri varsa, pencəyini düymələmək axmaqlıqdı. Əlimi tez yanıma saldım.
-          Üzr istəyirəm. Mənim adım Faiq...
-          Maraqlı deyil.
Çiynimə yüngülcə toxunub, yanımdan keçdi. Çarpayıya uzandı. Mən isə nə deyəcəyimi bilmirdim. Nə deyə bilərdim ki?! Adımı deməyə belə icazə verməmişdi.  Çoxdandı belə alçaldılmamışdım. Otağın ortasında eləcə dayanmışdım. Deyəsən getməliydim. Bir addım geri atıb, dayandım. Bir-iki kəlimə pıçıldadım. Deyəsən “üzr istəyirəm” kimi bir şey idi.
-          Məndən yox, bayaq gedən adamdan üzr istəməlisən.
-          Niyə? Bilirəm, sizə hörmətsizlik etdim Elman bəy... – kinayəli bir gülüş məni susmağa məcbur etdi.
Elə ürəkdən gülürdü ki, elə bil dünyanın ən məzəli lətifəsinin eşitmişdi. Üzümdə narazı bir ifadə ilə gülməyini kəsməsini gözləyirdim. Amma kəsilməkdənsə, qəhqəhə çevrilirdi.  Axır ki, bunun adı gülüş olmadığı anladım. Bu dəli gülüşü idi... Neyləyəcəyimi bilmirdim. Çox eşitmişdim, amma ilk dəfə idi ki, şahid olurdum. Onun bu halını görməmək üçün üzümü çevirdim. Düzü qorxdum, hətda qapıya tərəf getmək də keçdi ağlımdan. Fikrimi dəyişdirib cibimdən yaylığı çıxardıb, alnımdan süzülən təri sildim. Qəhqəhə birdən başladığı kimi, elə birdən kəsildi.
-          Mənə çoxdandı “bəy” demirlər.
Belə bir cümlə gözləyirdim, amma bu tonda yox. Elə bil... sevinirdi.
-          Ola bilər. Vəziyyətinizi nəzər alsaq. Yəni xəstəliyiniz....
-          Üzr istəməlisən.
Ya səbr! İlişmiş kaset kimi eyni şeyi təkrarlamaq nəyə lazım axı? Cümləsini qulaqardına vurub, davam etdim.
-          Madam ki, məni tanımaq istəmirsiz, niyə gəldiyimi açıqlayım heç olmasa. Sizinlə tanış olmaq istəyirdim, çünki...
-          Çünki mən sənin uşaqlıqdan sevdiyin yazaram. 100% kitabxananda bütün kitablarım var, mənim heyranım idin. Dayan bir tapım, məndən ilham alıb yazmağa da başlamısan, hə?
-          Siz... hardan? Hə, yəqin məndən əvvəl gələnlər də olub.
-          Yox, ilksən.
Etiraf edirəm, bunu gözləmirdim. Əslində onun çoxdan unudulduğunu, saya salınmadığını bilirdim. Hətda birlikdə onun adını çəkəndə, yanına gedəcəyimi deyəndə gülmüşdülər mənə. Amma onu yada salan tək mənəm? Deyəsən nə fikirləşdiyim üzümdən bəlli olur, çünki diqqətlə mənə baxır. Gözlərimi qaçırıb, davam etdim:
-          Inanmıram ki, sizin kimi bir yazarı hamı unutsun. Əslində elə günahın çoxu sizdədi.  Burda olmağınız...
-          Əgər gözündən düşməyimdən bu qədər çox qorxursansa, getsən yaxşıdı.
Bədənimdən gizilti keçdi. Özümə belə etiraf edə bilmədiyim bir şeyi necə bilə bilər axı?! Bəlkə o...
-          Yox, özümü dəliliyə vurmuram, doğurdan dəliyəm. Xarici psixatrlar belə bunu təsdiqləyib.
-          Siz...necə?
-          Sənin nə düşündüyünü bilirəm? Bu çətin deyil. Sadəcə sənin yerinə özümü qoyuram. Uşaqlıqdan sevdiyin bir yazarı böyük kitabxanasındakı dəri kresloda oturmuş yox, dəlixananın  otağında, dəlinin biri ilə düz gedən at şahmatı oynayan vəziyyətdə görürsən. Nə düşündüyünü anlayacaq qədər ağlım var hələki.
Aha, onun gözümdən düşməsindən çox qorxurdum. O mənim üçün bir dahi, ideal idi. həmişə onun kimi bir yazar olmaq istəmişdim. Amma axrım belə olacaqsa... Bu dəfə dürüst olacam.
-          Bəli, sizin gözümdən düşməyinizi istə...
-          Özünə bir stul çək, otur. Bəsdi əzilə-büzülə “siz”lə danışdığın. Adam kimi danış.
-          Hə? Amma siz axı...
-          Mənim əvvəllər kim və ya nə olduğumun fərqi yoxdu. Indi bir dəliyəm və dəli ilə “siz”lə danışdığını görsələr, səni də burdakı otaqların birinə salarlar.
Burda yaşamağın xəyalı belə məni dəhşətə gətirirdi. Odur ki, balaca uşaq kimi sözə qulaq asıb stulu çəkdim. Çarpayının yox, masanın yanında oturmaq istəyirdim ki.
-          Yaxın gəl. Qorxma, dişləmərəm.
Dinməz-söyləməz stulu çarpayıya tərəf çəkdim. Fikirlərim tamam qarışmışdı. Qarşımdakı bir dəli idi. 5 dəqiqə əvvəlki isterik gülüş buna isbat idi, amma dedikləri... Dürüstlük mənə yaramır.
-          Nə vaxt burdan çıxacaqsınız...san?
-          Güya mən istəsəm buraxarlar? Mən dəliyəm cavan oğlan, normal adamların yanında nə işim var?. Həm bura da pis deyil. Yeməyim, içməyim, əyləncənidəki özün gördün.
-          Amma siz yenə kitab yazmalısız. Sonuncu kitabınız yarıda qalmışdı. Onu tamamlayın mütləq!
Elə həmən saniyə dediklərimə peşman oldum. Bayaqdan tavana zillədiyi gözlərini mənə tərəf çevirdi. Dodağı qaçdı. Hiss edirəm ki, gülməyini güclə saxlayır. Böyük ehtimalla məni qorxutmamaqdan ötrü.
-          Elə bilirdim bura gələndə “onu elə, bunu elə” deyənlərdən canımı qurtaracam. Sənalla, sən hardan gəlib yapışdın yaxama? Elə vacibdi, özün tamamla.
-          Axı... Axı o sizin kitabınızdır! Mən əlyazmanızı oxumuşam, möhtəşəmdir! Tamamlansa, lap elə olar. Bestseller olar, xaricdə belə satılar! Həm mövzusu...
-          Dəlixanadakı bir dahinin gündəliyi hə? Çox maraqlıdı, fəlsəfi fikirlər çoxdu, psixologiyanın isə anasını ağlatmışam orda!
Yenə gülməyə başladı. Amma qorxduğumun əksinə bu dəfə qısa çəkdi. Tarıma çəkilmiş əzələlərimi boşaldıb, nəfəsimi çölə buraxdım. Deyəsən bunu hiss etdi. Yenə dodağı qaçdı.
-          Cavan oğlan, getsən yaxşıdı.
-          Amma məni başa düşmürsüz. Heç kimə deməyəcəm, bilirəm ki, bura o hissləri anlamaq üçün gəlmisiz. Bəs deyil? Hər şəyi gördünüz, yaşadınız hə? İndi qayıda bilərsiz.
Dikəlib, çarpayıda oturdu. Gözlərini mənə zilləyib boş-boş baxdı. Adi insanların gözlərində əsla görə bilmədiyim o soyuq parıltı yenə ordaydı. Eyni o kitapın arxa cildindəki şəklində olan kimi... İndi əminəm, o mütləq buna görə bura gəlib. Əlbətdə! Güya az olub ki, dahi yazarlar əsərlərindəki yerləri, insanları daha yaxşı tanımaq üçün aralarında yaşayıb?. Düzü mən heç eşitməmişəm, amma mütləq olub!
-          Ağıllı olmağın ən böyük mənfisi odur ki, sənə axmaq olmağa icazə vermirlər.
-          Çünki axmaqlar yığnağında bir ovuc ağllı insan var, onları da itirə bilmərik.
-          Sənin ağlllılardan olduğunu kim dedi?
Sual kimi səslənsə də, belə deyildi. Onun baxışından hiss edirdim bunu. Əlbətdə, mənim ağıllılardan olduğumu kimsə deməmişdi. Amma deməlidilər ki? Özüm bunu hiss edirəm. Hamı axmaq-axmaq işlər görür, bir-birlərinə quyruq bulayırlar, quyu qazırlar. 1-2 manat üçün doğma qardaşını öldürməyə hazırdılar. Televiziya da mənasız şouları izləyən, hələ bir onlara gülən axmaqlar bəs?! Gic-gicə dəbdən danışmıram belə! Bəs niyə bunu ona deyə bilmirəm? Elə bil sözlər boğazımda düyümlənib. Ola bilməz ki, bu dediklərimdə yalan olsun? Bu nədi belə?! Öz-özümə şübhə edirəm?!
-          Fikir vermə, buranın havasındandı. Adamı ağlından şübhə etməyə məcbur edir.
Alnımda puçurlanan təri əlimin tərsi ilə silib, düz gözlərinə baxdım. Düşündüyüm kimi, mənə gülürdü! Dodağı tərpənməsə də, gözlərində eyni boş baxış olsa da, mənə gülürdü! Bunu hiss edirdim.
-          Getsən yaxşıdı.
-          Hə.
Ayağa qalxıb, sağollaşmaq üçün əlimi uzatmaq istədim. Yadıma düşdü ki, heç salamlaşmaq üçün əl uzatmamışdım. Indi sağollaşmaq üçün əl uzatmaq axmaqlıq olardı. Qollarımı yanıma salıb, qapıya tərəf addımladım.
-          Ondan üzr istəməlisən.
Səbr kasamı daşıran son damla... Əlimi dəstəkdən çəkib, ona tərəf çöndüm. Əsəbi şəkildə bağırmağa başladım:
-          Niyə üzr istəməliyəm axı?! Atlar düz getmir! Bunu bilməyəcək qədər axmaq olmasından mənə nə? Dəli olması heç nəyi dəyişdirmir! Atlar düz getmir! Bilmirsə, öyrənsin! Xaricdə dəlilər şahmat yarışlarına qatılır, bizim dəlilərimiz də ağıllılarımız kimi axmaqdı! Atlar düz gedə bilməz, başa düşürsən?! Düz gedə bilməz...
-          Onun atını düzəltdin, çünki mənim fillərim eyni rəngli xanalarda idi. Mənim fillərimi düzəldə bilməzdin, mən dahi idim. Amma onun atına qarışa bilərdin, çünki o dəli idi hə? Əslində mənə öyrətmək istəyirdin, hə?
Qapının ağzında qurudum qaldım... Bu sözləri elə sakit tonda deyirdi ki, elə bil balaca uşağa səhvini başa salır. Elə idi. Əslində öyrətmək istədiyim o idi, amma bunu edə bilməzdim. Mənim niyə “maraqlı” olmadığımı anlayırdım artıq. Çünki məni tanımışdı. Adımı, yaşımı, haralı olduğumu, işimi və hətda maaşımı demədən tanımışdı. Gülmək istədim.
-          Ondan üzr istə. At onundur, istəyər “L” şəklində aparar, istəyər “O”.
“O” şəklində getsə, başladığı yerə qayıdar axı. Ağlıma gələn bu axmaq fikrə özüm gülümsədim. Görəsən bunu ona deyim? “Cənab dəli, siz mənə həyatımın dərsini verəndə, mən “O” şəklində getməyin axmaqlıq olduğunu düşünürdüm.” -  görəsən belə desəm nə olar?
-          Salamat qalın.
Otaqdan çıxan kimi dərindən nəfəs aldım. Mən özümə gəlməyə macal tapmamış o qadın yenə yanımda bitdi. Gülümsəyərək mənə baxıb dedi:
-          Bitdi danışığınız Elman “bəy”lə?
Qəribədi, bu dəfə “bəy” sözünü xüsusi vurğu ilə deməsi məni qıcıqlandırmadı. Əksinə, gülümsədim. O da bundan cəsarət alıb, biraz da yaxınlaşdı.  Allah eşqinə, bu dişləri fırça ilə qovuşdurun!
-          Bəli, danışdım.
-          Onda sizi çölə qədər ötürüm.
-          Çox sağ olun.
-          Aa, demədiz axı, babanız hardan idi?
-          Zaqataladan.
-          Hmm, nə yaxşı.
Qadının üzündəki “bilirdim!” baxışına məhəl qoymayıb addımlarımı yeyinlətdim. Mümkün qədər tez burdan çıxmaq istəyirdim. Amma xanım “yeriyən 150 kilo” mənə çatmağa çətinlik çəkdiyindən yavaşlamalı oldum. Yenə bu qışqırıqlar... Artıq özümü “cəsur” göstərməyə ehtiyac yoxdu, barmaqlarımla qulağımı tıxayacam. Bu dəlilərin...
-          Elman bəyin otağındakı o adamı tanıyırsız? O sözləri bir neçə dəfə təkrarlayan, arıq, uzun adamı deyirəm? Şahmat dəsti var.
Axır ki, qadın kimdən danışdığımı anlayıb başını yellədi. çiynini çəkib, iyrənirmiş kimi üz-gözünü turşudub dedi:
-          Qariki deyirsən? Hə, bilirəm. Nolub ki?
Artıq burdaki iydən başım gicəllənməyə başlayırdı. Hələ bağırışmaları demirəm. Heç halına tafavüt etməyən qadına paxıllıq edirdim. O isə hələ də məndən cavab gözləyirdi... Dodaqlarımı bir-birinə sıxıb, qaşlarımı çatdım. Dərindən nəfəs alıb, az qala dişlərimin arasında fısıldadım:
-          Məni onun otağına aparın zəhmət olmasa...

                                            Son


Müəllif: Cəmilə Məmmədli

23 Nisan 2014 Çarşamba

keçmiş xatirələr...


                        Köhnə xatirələr.

  Məhbubə nənə ayaqlarını güclə sürüyüb nəvəsi Ayselin otağına gedirdi. Heç qapının ağzına çatmamış, bərkdən qəhqəhə eşidib diksindi. Qocalıqdan sümükləri çıxmış əlini ürəyinin üstünə qoyub “bismillah”- deyə pıçıldadı. Rayondan gəldiyi 3 ay idi, amma hələ də Ayselin bu “şəhər qızdarı” rəfiqələrinin gülüşmələrinə öyrəşə bilməmişdi. Dodaqaltı deyinib qapını açdı. Gördüyü mənzərə yenə eyni idi: otağın küncündəki kompyuter masasının ətrafına toplaşmış 3 qız bir-birinə ekranda nəyisə göstərib gülüşürdülər. Başları elə qarışmışdı ki, Məhbubə nənənin içəri girdiyini hiss etmədilər belə. Nənə səssizcə içəri keçib, çarpayıya oturdu. “Yəqin dərs oxuyurlar” deyə düşünüb, səsini çıxarmadı. Əlbətdə, axı Aysel ona dəfələrlə başa salmışdı ki, o balaca qutudan dünyanın hər yerindən xəbər almaq, ürəyin istəyən alimin yazılarını oxumaq olar. Amma vaxt keçdikcə artan səslər onu narahat edirdi. Əli ilə yenə “yel tutan” ayağını ovuşdurub, pıçıldadı:
-          Bular heç dərs oxuyana oxşamır ay balam.
Axır ki, Ayselin rəfiqəsi Fidan onun varlığını hiss edib, başını çevirdi.  Nənənin şübhə ilə onlara baxdığını görüb, Ayseli dümsüklədi.
-          Bıy, nənə sən burdaydın?
-          Hə ay bala. Gəldim görüm nağarırsız.
-          Heç, çatlaşırıq. – ağzında sözdurmaz Jalə bunu deyən kimi, Aysel ondan bir çimdik götürdü.
Yaxşı ki, o da səhv etdiyini anlayıb səsini çıxarmadı. Amma qızların bu təlaşı boşuna idi. Məhbubə nənə ətrafını qırış tutumuş xırda gözlərini onlara zilləyib soruşdu;
-          Çatdaşmax nədi a bala?
Qızlar bir-birlərinə baxıb, çiyin çəkdilər. Nənəyə deməyə tərəddüt edirdilər. Axır ki, nənəsini çox istəyən Aysel masanın üzərindəki planşeti əlinə götürüb yanına gəldi. Ekranda, ya da Məhbubə nənənin dediyi kimi “cinli güzgü”də barmağını gəzdirib, bir internet səhifəsini açdı. Göy rəngli adlar yazılmış siyahını nənəsinin gözü qabağına tutub, izah etməyə başladı:
-          Bax çat buradı nənə. O sizin dövrün məktubları kimidi. Tanımadığın adamlara məktub göndərirsən, amma saniyəsində çatır. Bax bu siyahıda da adları var.
Məhbubə nənə gözləri artıq yaxşı görmədiyindən, ekrana yaxınlaşdı. Burnu soyuq təbəqəyə toxunanda cəld geri çəkilib, dilləndi:
-          Gözüm keşmişdəki kimi deyil a bala. Çeşməksiz heç görəmmirəm… İndi belə başa düşdüm ki, bura feysbukdu?
Qızların təəccübü üzlərindən oxunurdu. Nənə onların bir-birinə baxdığını görüb, qımışdı. Belini  dikəldib, özündən razı tonda dedi:
-          Nədi? Elə bilirdiz nənə qojalıf, rayondan gəlif deyə bilmir feysbuk nədi? Ay hay! Bizim rayonda da, hər evdə bundan var. indi deyin görüm, ordan özüvüzə söygülü tapıfsız?
Aysel ağzını açmaq istəyən Jaləyə göz ağartdı.. Güya utanıb, başını əyərək dedi:
-          Yox ay nənə. Elə şeylərlə aram yoxdu, bilirsən.
Elə bunu demişdi ki, kompyuter məktub gəldiyini xəbər verən səs çıxardı. Aysel qeyri-iradı kompyuterə tərəf boylanıb, nə gəldiyini görməyə çalışırdı. Nənəsinin yanında gedib baxa bilməzdi, amma bütün fikri orda qalmışdı. Məhbubə nənə də, bunu başa düşüb başını yellədi. Üzündə narazı bir ifadə var idisə də, gözlərinin içi gülürdü. Ayselin əlindəki planşeti götürüb, dodaqucu dedi:
-          Al, burdan da baxmaq olur, hə?
Aysel bu dəfə həqiqətən utanıb, başını əydi. Bir anlıq tərəddüt etsə də, nənəsinin üzündəki o qayğıkeş ifadəni görüb planşeti əlinə aldı. 1 dəqiqə sonra üzü gülürdü. Nənəsinin də maraqla boylandığını görüb, gülümsəyərək planşeti ona uzatdı. Məhbubə nənə yenə burnuna qədər yaxınlaşdırıb, gözünü ekrana zillədi. Birdən qırmızı bir dodağın ekrandan çıxıb, onun burnunu öpdüyünü gördü. Əlindəkini havaya tullayıb, özünü arxaya atdı. Qızlar bilmirdi otağın digər küncünə uçan bahalı alətin arxasınca qaçsınlar, ya çarpayının içində eşələnib “bismillah! Bismillah!” – deyə qışqıran nənəyə kömək etsinlər, ya da bu mənzərəyə gülsünlər. Axır ki, içlərində ən soyuqqanlısı olan Fidan özünə gəlib, Məhbubə nənəyə kömək etdi. Qoca qadın əlini ürəyinin üstünə qoyub, kəsik-kəsik nəfəs alırdı. Qızları bu halı qorxutmağa başlayırdı. Yaxşı ki, çox çəkmədi.
-          Az o, hansı dəyyusun oğlu idi məni öpdü, hay?!
Jalə qaçıb, şkafın yanına düşmüş planşeti getirdi. Deyəsən salamat idi. Yenə eyni animasiyanı açıb, bu dəfə uzaqdan nənəyə göstərdi. Məhbubə nənə gözlərini ekrana zilləyib, uzaqdan gələn, öpən və təzədən yox olan qırmızı dodağı bir neçə dəfə diqqətlə izlədi. Bu cizgi filmlərə bənzəyən şeydən qorxduğu üçün pərt oldu. Hələ nəzik dodaqlarını bir-birinə sıxıb, ağlamsındı da. Amma sonra ağlına gələn fikirlə Ayselə tərəf çönüb, qaşlarını çataraq soruşdu:
-          O gedə sənə göndərib bunu?
-          Şey… Nənə, bu mutfilm kimidi e… əsli deyilki…
Qarı “hmm”layıb, bic-bic gülümsədi. Başından sürüşmüş şalı düzəltməyə başladı. Pərt olub, susmuş qızlar güclə onun “indiki cavanların öpüşü də mutfilmdi” dediyini eşitdilər. Jalənin dözə bilməyib “necəki ay nənə? sizdə necə idi?” deməsi ilə, Məhbubə nənə cəld ona tərəf çöndü. Işıl-işıl yanan gözlərini aşağı dikib, şalının ucu ilə ağzını örtdü. Təzə gəlinlə kimi əzilə-büzülə:
-          Bizdə nejə olajax ay bala. Elə şeylər bilmirdik biz… Amma ki…
-          Nənə?! – deyə Aysel təəccüblə utandığı bəlli olan nənəsinə baxdı.
-          Danışın xahiş edirik, maraqlıdı.
Məhbubə nənə “sakit qız” olan Fidanın sözünü yerə salmayıb, boğazını arıtlayaraq danışmağa hazırlaşdı. Otaqda onlardan başqa heç kəs olmasa da, səsinin alçaltdı:
-          O vaxtı mənim 15 yaşım varıydı. Özümdə gözəl-göyçəy qız idim. Baxanın gözü qalırdı. Bizim kəndə bir dənə Şamil adında gəşşəy oğlan varıydı. Kəndin bütün qızları ondan ötrü sino gedirdi. Belə uzun, şumal oğlan idi. Şəvə kimi qara qaşı-gözü varıydı. Bir gün mən bulaqdan gəlirdim, bir də gördüm bu gedə yolumu kəsif. Məndə abırlı-həyalı qızam, tez istədim yolumu dəyişəm. Amma haradı? Ordan sonrası daşlıx-qayalıx. Keçi dörəm ha, tullanıf qaçam. Səhəngi əlimdən hazır tutmuşam ki, nəsə desə atım təpəsinə, qaçım. Incafara o da sakit durmuşdu. Eləjə mənə baxırdı. Gördüm bu məni gejəyə kimi burda saxlayasıdı, qaş qaralır. Səsimi ötkəm eliyf, dedim ay adam, nə kəsmisən yolumu? Bə bu mənə nə desə yaxşıdı?
-          Nə? Nə dedi nənə?
-          Hə, nə dedi Məhbubə xala? Danışın!
Məhbubə nənə qızların diqqətlə ona qulaq asdığını görüb, qımışdı. Bilərəkdən vaxtı uzatmaq, onları maraqda saxlamaq üçün jiletini düzəltdi. Hələ yalandan öksürdü də. Artıq qızların yalvaran gözlərlə baxdını görəndə isə ürəyi dözmədi. Qızlar onu daha yaxşı eşitmək üçün yaxına gəlsə də, səsini biraz daha alçaldıb davam etdi:
-          Həəə… dedim niyə kəsifsən yolumu, o da dedi ki bəs mən səni istəyirəm. Səni Gülsüm xalanın nəvəsinin toyunda görmüşəm, ürəyimə yatıfsan. Qurudum qaldım eləcə. Özümün də könlü ondaydı, amma qız uşağı gərəy özünü ağır aparsın. Qaş-qabağımı töküb, elə bağırdım ki yazıx gedə diysindi. Dedim ayə, mən elə-belə qızlardan döyüləm e, bir quruca “istəyirəm”ə könlümü verim. Istəyirsən lap yaxşı, anan gəlib məni anamdan istəyər. Bir qız, bir oğlanındı. Elə bunu demişdim ki, deməz olaydım. Gədə mənə yaxın gəlməzmi? Mən gedirəm, bu gəlir. Mən də haraya kimi gedim? Hər yer daşlıx. Elə dayanıb nəfəsimi dərməy istəyirdim ki, gördüm bu yanımda bitdi. Heş gözümü açmağa macal tapmamış bi dənə maç elədi ki…
Jalə gözlərini geniş açıb, həyacanlı şəkildə dedi:
-          Dodaqdan?!
Elə o an dediyinə peşman oldu. Məhbubə nənə “vaxsey!” – deyə qıy vurub, əli ilə ayağını döyəclədi. Qorxudan rəngi ağaran Jaləyə qəzəbli baxıb, bağırdı:
-          Ay bala nə dodax?! Estağfrullah de! Məni də, özünü də günaha batırma! – deyib, səsini alçaltdı – yanaxdan… yanaxdan öpüb, qaşdı dəyyus oğlu.
Aysel nənəsinə heyran-heyran baxıb, pıçıldadı:
-          Babama bax sən! Cavanlıqda yaman olub.
Məhbubə nənə rəhmətlik ərini  xatırlayıb, üz-gözünü qırışdırdı. Özündən 17 yaş böyük, bir yaraşığı olmayan ərini sevə bilməmişdi. Ağlına gələn pis xatirələri qovmaq üçün başını yelləyib, dodaqucu dedi:
-          Sənin babanın cavanlığı da, qocalığı kimi bir matah olmayıf.
Fidan:
-          Babanın adı Şamildi ki?
Onun sualından sonra üçü də gözlərini nənəyə dikdi. Məhbubə nənə isə bic-bic gülən gözlərlə onlara baxıb, güya heç nə anlamamış kimi çiynini çəkdi. Qızlar öz aralarında gülüşdülər. Aysel nənəsinə sıxılıb, qolunu çəkişdirməyə başladı:
-          Nənə! Nolar, yenə danış!
Məhbubə nənə özünü naza qoysa da, Fidanla Jalə də bu yalvarışlara qoşulanda dözmədi.Biraz qabağa əyilib, səsini mümkün qədər alçaldıb, danışmağa başladı:
-          Hə, hardasa 50-60 il qavax, bizim kəndə Alış kişinin nəvəsinin toyu idi. Mən də geymişdim ən gəşşəy donumu…

       *****
Qızlar tərəfindən unudulan kompyuter isə artıq kim bilir, neçənci dəfə məktubun gəldiyini xəbər verirdi. Amma Məhbubə nənənin pıçıltısını eşidə bilmək üçün qulaqlarını şəkləyən qızlar, nədənsə onu eşitmirdi….


Müəllif: Cəmilə Məmmədli


26 Ocak 2014 Pazar

buz qəsrin şəhzadəsi.


    

                                                  Buz qəsrin şəhzadəsi.


  Bir zamanlar, uzaq diyarların birində ilin hər  fəsli qarla örtülü olan bir ölkə varmış. Zülmət hakim imiş bu yerlərə.  Bu ölkədə ildə yalnızca bir gün Günəşin  şuaları qara buludları dəlib, buzdan bir qəsrin qübbəsində bərq vurarmış. Ah, lakin bu solğun şualar buz qəsri əridə bilməzmiş əsla. Bu möhtəşəm qəsrin tək bir sakini və sahibi varmış. Qar qədər bəyaz dərisi, buzun soyuq parıltısını içinə həps etmiş mavi gözləri və qəsrin daxilindəki zülmət qədər qara saçları varmış. Böyük qəsrin tək pencərəsinin qarşısındakı mavi buzdan düzəldilmiş, qar dənəcikləri ilə bəzədilmiş taxtında əyləşər və ucsuz-bucaqsız qar çöllərini izləyərmiş...

  Yenə ilin o günü, zəif şualar qara buludların bağrını dəldiyi o anda ilk dəfə bu soyuq və səssiz zülmətdə bir qəhqəhə eşidilmiş. Büllur cingiltisinə bənzəyən bu qəhqəhə getdikcə daha yaxından eşidilməyə başlamış. Aha, budur artıq qəsrin dəhlizlərində cingildəyir qəhqəhələr. Bəs bu zülmət diyarında gülməyə cəsarət edən kim idi?!
   “Qığılcım”... Günəşin minlərlə kiçik pəri qızından biri olan Qığılcım, buludların arasındakı yarıqdan zülmət diyarına qaçmışdı.  Ah, o dəcəl pəri həmişə belə nadincliklər edib, Günəşi hirsləndirirdi.  Lakin artıq gec idi, qara buludlar çoxdan işığın yolunu bağlamışdı. 1 il... 1 il gözləmək lazım idi söz dinləməz Qığılcımı geri qaytara bilmək üçün.

  Buz qəsrin soyuq şəhzadəsi narahat idi. ilk dəfə idi ki, biri bu zülməti, sükutu pozmağa cəsarət etmişdi. Buz qəsrin pilləkənlərinin məhəccərlərindən sürüşüb, şən qəhqəhələr çəkən Qığılcımın səsi,  kiçik və şəffaf qanadlarından yayılan işığın buz divarlardakı parıltısı, isti nəfəsinin hənirtisi qıcıqlandırırdı şəhzadəni. Amma  əsrlərdi  oturduğu yerdən tərpənib, bu dəvətsiz gələn qonağı qova bilməzdi. Ürəyində o səs-küylü fəlakətin otağına gəlməməsini diləyərək, sonsuz qar çöllərinə baxmağa davam edirdi. Amma bir gün qorxduğu başına gəldi. Bütün qəsri ələk-vələk edib, oynanılacaq hər şeylə oynayan, dəyərli buzdan əşyaları sındıran Qığılcım sıxılmağa başlamışdı. Neçə vaxtdır gözünü qəsrin tək kilidli otağına dikmişdi. Açarın yerini tapa bilməsə də, zərif qanadlarını asta-asta tərpədib qapıya yaxınlaşdı. Buzdan qıfılın ətrafında dolanıb bir zəif nöqtə, istiliyini verib əridə biləcəyi boşluq axtardı.  Lakin boşuna, əsrlərdir  donub qalmış kilidi əridəcək qədər istisi yox idi. Axı o sadəcə bir qığılcım idi. Hirsindən qırmızı yanaqları daha da pörtdü. Əsəbdən kiçik qanadları belə alovlandı. Hətda bu odlu qəzəbi buzdan tavanı azca əritdiyindən bir-iki soyuq damla başına düşdü. Bu onu sakitləşdirdi. İçəri əsla girə bilməyəcəyini dərk edib, kədərlə başını əydi. Incə əllərini irəli uzadıb, barmaqlarının ucları ilə kilidə toxundu və möcüzə! Buzdan kilid öz-özünə açıldı. Qığılcımın sevincinin həddi-hüdudu yox idi. Sevincək öz ətrafında dövr edib, aralanmış qapıdan içəri sıvışdı. Ax, bu otaq ki boşdur! Içində onu əyləndirə biləcək, ya da ən azından “təsadüfən” qıra biləcəyi heç nə yoxdur. Bir tək pencərənin qarşısındakı əzəmətli taxt. Uçmaqdan yorulub yerə qondu. Kiçik addımlarla taxta tərəf getdikcə, ayağının toxunduğu yerlərdə buzdan döşəmədə balaca gölməçələr yaranırdı. Biraz daha və...
   Qığılcım nəfəsini tutdu. Sanki qarşısındakı gözəlliyi öz isti nəfəsi ilə əritməkdən qorxurdu. Buzdqəsrin şəhzadəsi gözəl idi. Bu lənətə gəlmiş buz qəsrindəki digər oyuncaqlar kimi yox! O bir başqa gözəl idi... Qar qədər bəyaz dərisi, buz mavisi gözləri və zülmət gecə saçları... Qığılcım bir addım daha atmaqdan qorxaraq, uzaqdan şəhzadəni seyr edirdi. Kiçik qanadlarını tərpədib, ürkək bir səslə pıçıldadı:
-          Sən gözəlsən...
Bu cümlə Buz qəsrin divarlarında əks-səda versə də, şəhzadədən cavab gəlmədi. Qığılcım şəhzadənin yatmış, hətda ölmüş ola biləcəyini fikirləşdi. Bu düşüncədən dəhşətə gəlib, başını var gücü ilə yelləyərək öz-özünə dedi: “Yox, ola bilməz! Bu gözəllik ölə bilməz! Həm gözlərində həyat parıltısı var və o harasa baxır.”. Qığılcım şəhzadənin hara baxdığını öyrənmək üçün pencərədən boylandı. Tək gördüyü boş qar çölləri idi. Bu mənzərədən tez sıxıldı Qığılcım. Ağ qarlarda baxılacaq nə var idi axı?! Gözləri yenə şəhzadəyə çevrildi...

   Qığılcım, qalan günlərini də beləcə keçirdi. Hər gün şəhzadənin yanına gələr, onu danışdırmağa çalışar, ətrafında pərvanə tək uçub nəğmələr oxuyardı. Amma boşuna, şəhzadə bir dəfə də olsun ona cavab verməmişdi... Eşqi qarşılıqsız idi. “Bəlkə bu soyuq onu qəlbini dondurub?!”- deyə düşündü Qığılcım. Əlbətdə, axı bu soyuqda qanadlarını tərpədib istilik yaymasaydı özü də donardı! Daha çox yaxınlaşdı şəhzadəyə. Artıq onu əritməkdən qorxmurdu, əksinə, ürəyindəki buzları əridə bilmək üçün əlindən gələni edirdi. Lakin bunlar da faydasız idi... Kiçik bir qığılcım, donmuş qəlbi ərdiə bilməzdi...

  Bir il tamam oldu. Günəş şuaları ilə qara buludları aralayıb, öz qızını-Qığılcımı çağırdı. Qığılcım getmək istəmirdi, amma bu buzdan qəsirdə qala bilməzdi. Artıq öz hərarətini, parıltısını itirməyə başlayırdı. Bu soyuq ölkədə sönürdü qığılcım... Son bir dəfə şəhzadəsinə baxdı. Yaxınlaşıb  isti dodaqlarını, onun buz kimi soyuq dodaqlarına toxundurdu. Kiçik, məsum bir öpüş... Bu da şəhzadəyə təsir etmədi. Qığılcım pəncərədən uçub, qanadlarını tez-tez tərpədərək Günəşə tələsdi. Bir anlıq dönüb arxaya baxdıqda şəhzadənin ona baxdığını sandı. Yenə var gücü ilə başını yelləyib “ Yox! Mən xəyal görürəm!” – deyə düşündü. Kiçik qanadlarını daha sürətlə çırpıb, son anda buludlardaki kiçik bir dəlikdən keçib anasının – Günəşin qollarına atıldı.

  Buzdan qəsrdə bir cingilti əks-səda verdi. Şəhzadənin soyuq mavi gözlərindən süzülən damla, şaxtalı havanın təsrindən donub buzdan döşəməyə düşüb, çilikləndi. Qığılcım nə bilərdi ki, onun zərif qanadlarının hənirtisi çoxdan şəhzadənin qəlbini isitmişdi... O gündən şəhzadə gözlərini boş qar çöllərindən çəkib, boz buludlarla örtülü səmaya dikmişdi. Hər il səbirsizliklə o günü – uzaqdan gələn büllur cingiltisinə bənzər qəhqəhəni eşidəcəyi o anı gözləyirdi. Həmin an buz soyuqluğu çökmüş gözlərində, Günəşin al-əlvan şüaları bərq vururdu sanki. Kim bilir, bəlkə bir gün yenə dəcəl Qığılcım anası dinləməz və zülmət diyarına qaçar.  Və yenə buzdan qəsr onun qəhqəhəsi ilə cingildəyər. Axı burda onu gözləyən biri var – Buz qəsrin şəhzadəsi...”


Müəllif: Cəmilə Məmmədli