musiqi

17 Eylül 2013 Salı

Keçmiş, indi və biz... bölüm:1

  

  Keçmiş, indi və biz...


Janr: dostluq, komediya, romantika, dram.
Bölüm: 1
“Bu bizim dostluğumuzun hekayəsi... biz əvvəllər bir əl kimiydik. Hər zaman güclü, sərt və dözümlü başbarmaq- Könül. sərbəst, tək başına belə istədiyini edən və çılğın- Amil. Bir-birlərindən cox da ayrıla bilməyən ortancıl və 4-cü barmaq- Ramil və Günel. Və...sonuncu...tək başına hec bir işə yaramayan sonuncu barmaq- Mən... bu bizim dostluğumuzun hekayəsidir. Birinci sinifdən bəri bir yerdə olan və 10 il əvvəl o qəzayla bitən dostluğumuzun. Hər kəsin bir arzusu vardır. Mən tək arzum isə yenə ən güclü halımıza dönmək. Indi 26 yaşım var. Yaşamaq üçün heç kimə ehtiyacım olmamalıdır. Güclü olmalıyam, dözümlü olmalıyam, özüm gülə bilib, tək başnına problemlərimi həll etməyi bacarmalıyam. Amma... Amma ancaq axmaq şeylər etdiyim, ən kiçik problemdə belə saatlarla ağladığım o günlərə geri qayıtmaq istəyirəm. Çünki nə vaxt bir divarın dibinə çöküb, səssizcə ağlamağa başlasam mənə uzadılan əllər vardı. Məni təsəlli ədan bir əl, başıma vurub “kişi ağlamaz” deyən bir əl, məni tutub sürükləyən əl... Bu bizim dostluğumuzun hekayəsidir... 10 il əvvəl bitən və yenidən başlaması üçün hər şeyi edəcəyim dostluğumuzun hekayəsi...”

-          Əli, kofen soyuyur bala.
Əli xəyal aləmindən ayrılıb, qarşındakı qocaya heç nə anlamamış kimi baxdı. birdən burda niyə olduğunu xatırlayıb, cəld qarşısındakı qəhvə fincanını götürdü. Soyuq qəhvədən bir-iki qurtum içəndə üzünü qırışdırmamaq üçün əlindən gələni edirdi. Lakin onsuzda əsla sevmədiyi qəhvə, bir də soyuq halda yetərincə ürəyini bulandırırdı. Fikrini qəhvənin ona iyrənc gələn dadından yayındırmaq üçün ətrafa baxdı. yenə gözü biraz kənardakı iş masasında oturan Amilə sataşdı. Onun ciddi və işguzar görünən ifadəsini əynindəki kostyum tamamlayırdı. Əli istər-istəməz gülümsədi:

 “ hmm... 10 il əvvəl Amilə kostyum geyinib, bir firmada işləyəcəyini desəydin sənə güclü yumruq ilişdirib, qəh-qəhəylə gülərdi. Amma indi üzümə belə baxmayan bu adam 10 il əvvəl mənim ən yaxın dostum idi. Bu gün ona zəng vurub, onununla eyni firmada işləmək istədiyimi deyəndə, ilk sualı “nömrəmi hardan tapmısan?” olmuşdu. “quşlar dedi” deyəndə, sadəcə “hmm”deyib telefonu söndürdü. Əslində nişanlısından almışdım. Of, o qızdan zəhləm gedir. Sanki bu dünyada nə qədər əttökən xasiyyət varsa, hamsı onda toplanıb. Moda dəlisi, qızıl hərisi, oğlan görəndə ürəyi gedən, İQ-su ayaqqabı ölçüsündən belə aşağı olan o qızda nə var axı? Aha-pul. Bu firmanın sahibinin qızıyla sevgilidi və yaxında nişanlanacaq. Bəxtəvər köpəyoğlu... amma... Amma bədbəxt demək daha uyğundu. Könüldən sonra o qız işgəncə...yox cəhənnəmdir. Yenə də köpəyoğludu! Mənə baxışına bax bunun!”
  Yaşlı adam Əli ilə Amilin bir-birlərinə düşmən kimi baxdığını görüb, asta səslə:
-          Ehm. Siz demək Amillə dostsunuz?
-          Sadəcə sinif yoldaşı.
-          Sadəcə sinif yoldaşı.
Iksinin də eyni anda deməsinə gülümsəyən adam, bu iki gənci süzdü. Ağlına nə isə gəlmiş kimi qımışıb, az qala pıçıltıyla dedi:
-          Eh... cavanlıq... Sizin indi yaxşı dostların qədrini bilən yaşınız deyil onsuzda.
“ yaxşı dost? Mən yaxşı dost ola bilərəm, çünki o qəzadan sonra ən çox Amili axtarırdım. Evinə qədər getdim, hər nömrəsini dəyişəndə yerin deşiyindən belə olsa axtarıb tapdım. Inadkarlıqdan keçib, az qala sırtıq kimi arxasıyca düşdüm! Amma indi bu üzümə düşmən kimi baxan adam dostluğumuz üçün neynədi? Məktəb vaxtı heç əlinə almadığı kitablara gömülüb oxudu, işə girdi! Adam oldu deməyə bilməyəcəm,adamlığını itirdi! Amma... Əgər o gün olmasaydı... Könül yanımızda olsaydı...”

-          Onda səni qəbul edirəm. Bu gündən bizim firmada işləyə bilərsən.
Əli cəld ayağa qalxıb qocanın ona uzadılan əlini sıxdı. Səmimi sevinclə gülümsəyib:
-          Çox sağ olun. əlimdən gələni edəcəm.
-          əlbətdə. Amil də sənə kömək edər. Bilmədiyin nə varsa ondan soruş.
Bu sözdən sonra Əlinin sevinclə gülümsəyən üzü dəyişdi. Bundan heç xoşu gəlmədəyi bəlli idi. qoca görüş bitdiyindən otaqdan çıxırdı artıq. Əli də onun ardınca otaqdan çıxanda Amil də eyni anda çıxmağa hazırlaşdığından bir anlıq dayandı. Qapının ağzında ikisi də yol versin deyə digərini süzürdü. Amil Əlinin bilərəkdən ona yol vermədiyini anlayıb bir əlini cibinə saldı. Qamətini daha da dikləşdirib, bir addım ataraq onun qabağına keçdi. Kinayəsi aydın hiss olunan səs tonu ilə:
-          hər kiçik problemdə ağlayıb üstümə gəlmə. Yaxşı?
-          Sənə ehtiyacım olmayacaq.
Amil Əlinin özündən əmin duruşuna biraz təəccüblənsə də, bildirmədi. Onu bir daha süzüb, qımışaraq dedi:
-          Bəllidi. Bu arada, dükkan açıq qalıb.

“ Nə? Eh Amil bəy, birinci sinifdən bəri eyni zarafat hə? məndə biraz dəyişdiyini düşünmüşdüm. Indi mən buna inanıb cəld aşağı baxacam, sən də ilişdirəcəksən? Qarşında dünənki uşaq yoxdu”

Əli kinayə ilə gülümsəyib, əllərini cibinə qoydu. Özünü biraz da irəli verib, Amilə inanmadığını bəlli edən ifadə ilə baxdı. bu an yenə qayıdan qoca Amili görüb sevincək:
-          Hə, yadımdan çıxdı deyim. Nəzrin səni gözləyir ee bala.
Amil cəld başını yelləyərkən, qoca hələ də qapının ağzında olan əliyə fikir verib, biraz təlaşlı səslə:
-          Sən də... evinə gedə bilərsən, bağışla bu gün səni tələsik çağırdıq. Sabahdan işə başla. Birdə ki... şalvarın... gələn dəfə diqqətli olsan yaxşı olar bala.
Amil onu yüngülcə itələyib qocanın ardınca getsə də, Əlinin vecinə deyildi...

 “ Ölmək... ölmək istəyirəm... hansı daha pisdi bilmirəm. O axmağın mənə baxıb hırtıldaması, daha işə başlamadan təzə müdürümün gözündən düşmək, yoxsa 26 yaşındakı eşşək boyda adamın şalvarını bağlaya bilməməsi?. Biri mənə bel-kürək gətirsin.( müəllif: Cəmilə Məmmədli) Elə ofisin ortasında özümə qəbir qazmaq istəyirəm. Yox, ofisin döşəməsi betondandı. Qazanacan yorğunluqdan gəbərəm. Həyəti? O qədər gözəl güllər varki həyətdə, adam qıya bilmir. Mən ölməyi belə bacarmayacam?! Görəsən bu ofisdə kəsici alət var? Yəni məsələn...”

Əli onu düşüncələrindən ayıran telefonu əsəbi şəkildə cibindən çıxardı. Ekrandakı ada baxıb, bezgin şəkildə ofuldadı.
-          Nə var?
-          Necə yəni “nə var”? Adam bir qızla belə danışar? Hıy? cavab ver görüm?
“bilirəm, Allaha üsyan edib, ölmək istədiyim üçün bu başıma gəlir. Səbirli ol Əli...”
-          Yaxşı. Salam Günel. Necəsən?
-          Belə mənasız söhbətlərə vaxt yoxdu. Qısaca bu axşam bizə gəlirsən.
-          Axşam vaxtım yox....
-          Mənə dəxli yoxdu. Mən nə istəsən eləmirəm? Nolub, bi dəfə də mənim istədiyimi etsən ölərsən? Hə? de görüm ölərsən? Nə vaxt səndən belə bir şey istəmişəm? Istəmişəmsə den...
-          Yaxşı Günəl, axşam sizdəyəm. Qurban olum nəfəs al.
-          Ok.

Əli söndürülən telefonun ekranına dodaqlarını çiynəyərək baxırdı. əlindəki telefonu var gücüylə sıxıb, cibinə atdı. Otaqdan çıxarkən addımlarını yerə bərk atmasından əsəbiləşdiyi hiss olunurdu...

“ bu qız problemlidi. Ya da dəlidi. Nəfəs almadan danışır, amma sağollaşmadan adboy verir! Elə Qarabağ danışıqlarına bunu aparmaq lazımdı. “ Qarabağı niyə vermirsiz hay?!” deyə sözə başlasın, bu sussun deyə Amerikanın yarısını belə bizə verərlər. Amma necə olsa da, o gündən sonra hamımızla əlaqəni qoparmayan bir tək odu. Düzdü, yenə də əvvəlki kimi deyilik və ola da bilmərik... Çünki o yoxdu...”


  Əli həyət evinin qapısı ağzında dayanmışdı. Qapını döyməyə tərəddüt etdiyi bəlli olurdu. Əlini yuxarı qalırıb, yumruq formasında düyünlədi. Qapıya yüngülcə toxundurub, cəld aşağı saldı. Çiyinin çəkib, “döydüm eşitmədilər” deyə pıçıldayıb, arxaya çevrilmək istəyirdi ki, qapı açıldı. Əli tək kəlimə etməyə macal tapmadan, biri onu içəri çəkdi. Əli sözün əsl mənasında yaxasını Günelin əlindən qurtarıb, qarşısında dikildi. Üstünü səliqəyə salmağa çalışıb, əsəbi şəkildə:
-          Nə var? Sən qonaq qəbul eləməyi də bacarmırsan?
-          Qaçacaqdın.
-          Ev sahibi sən olanda qaçmaq ən doğru seçim. Keçən dəfə məni süpürgəylə qovalamışdın!
-          Sən də çay bəs deyilmiş kimi qənd istəmişdin. Hansı normal adam sırf qənd yoxdu deyə ev sahibini durğuzub, gətirməyə məcbur edər hay?
Əli yumruqlarını sıxıb, dişlərinin arasında fısıldadı:
-          Hamsı...
Günel onun nə dediyinə fikir vermədən otağa keçmişdi belə. Içəri otaqdan “buyur, keç içəri” deyə qışqırmasından sonra Əli də onunu ardınca getdi. O qədər də geniş olmayan qonaq otağına keçdikdə, bir saniyəlik dayandı. Gözlərini qarşısındakı adama dikib, nə edəcəyini bilmədən donmuşdu sanki...

 “ Ramil... onu burda görməyə niyə təəccüblənirəm ki? Onsuzda o Günelin xalası oğludu və demək olarki burda yaşayır. Düzdü onunla da nadirən belə olsa görüşürdüm, amma indi üçümüz... Belə üçümüz az gözləmədik onları. Çünki onlar olmadan biz heç idik... Nə oyun oynamağı, nə gülməyi, hətda ağlamağı o ikisi olmadan bacarmırdıq. Eh, deyəsən həqiqətən də içlərində bir böyüməyən mənəm. Hamısı böyüyüb, yetkin olub. əvvəllər şortiklə gəzən Ramilə bax. Kişiləşib, hələ indi dəbdə olan saqqallardan belə saxlayıb. Günel... Günelin böyüdüyünü deyə bilmərəm, 1.54 boyunda insan olar? Birdə “niyə evdə qaldım?” deyə ağlayır. Qalarsan təbii, camaat sənin hələ birinci sinifi qurtarmağını gözləyir oğluna gözaltı eləmək üçün.  Qızda bir qram ağıl yoxdu. Bu boyuyla birdə həmişə 1.84 boyu olan Ramilin yanında gəzir. Ata-qıza oxşayırlar maşallah... Bir dəqiqə, bu qızın üzü niyə belə ciddidi? Hələ bayaqdan susur? Fəlakət...”

 Əli gözünü divanda oturub, olduqca ciddi görünən Günəldən ayırmadan udqundu. Cəld Ramilində eyni ifadəyə sahib olmasına baxıb, yenə Günelə döndü. Bir-iki addım qabağa gəlib, onun qarşısında dikildi.
-          Nə olub?
Günel gözlərini döşəmədən ayırmadan, pıçıltıyla dedi:
-          Amil... Amil də gəlsin deyəcəm...
-          Nə olub?!
Günel yüngülcə diksinib başını qaldırdı. Əli həqiqətən də çox ciddi görünürdü. Onun şübhələndiyini anlayırdı, lakin deyəcək cəsarəti yox idi. bu an qapı döyüldü. Günel cəld ayağa qalxıb, Əlini yüngülcə itələyərək qapıya tərəf qaçdı. Qonaq otağından çıxmaq üzrəykən ayaq saxladı. Arxaya baxmadan “o qayıtdı”- deyə pıçıldayıb, çıxdı.

  “ “o qayıtdı”... bu cümləni neçə dəfə xəyal etdim, yuxularımda gördüm, amma bu qədər dəhşətli olduğunu bilmirdim... O qayıtdı... Hər kəsin gənclik xətaları var. Yalan demək, qonşunun bağından nəsə aşırmaq, siqaret çəkmək,  gizli sevgilinin olması, pis qiymət almaq... Amma sizin heç kiminsə həyatını məhv edən xətanız oldu? Bizim hə... Amma hamımızın günahının bədəlini ancaq birimiz ödədi...və o qayıtdı. 10 il... onu yenidən görmək.... nə deyəcəm? “bağışla”? “xoş gəldin”? nə deyəcəm?! Bəs sən nə deyəcəksən Amil? Deyəcək heç bir sözümüz yoxdu. Indi fərqinə vardım,  əslində heç birimiz onun qayıtmasını istəmirmişik...
  Bu bizim dostluğumuzun hekayəsidir... 10 il əvvəl bitən və bizi param-parça edən.. Bu bizim dostluğumuzun hekayəsidir...yox, bu bizim günahımızın hekayəsidir!”


Cəmilə Məmmədli

6 yorum :

  1. SUPER VE BIR O QEDER MUEMMALIDI COX XOSLADIM VE HEYECANLA GOZLEYIREM

    YanıtlaSil
    Yanıtlar
    1. cox sevindim :) yeap, biraz klassikden kenara cixim dedim :)

      Sil
  2. Ellerine sagliq amma,Cemile hekaye seh-de niye paylawmirsan ki hekayeni Imza-GUNEW VE AY

    YanıtlaSil
    Yanıtlar
    1. bu heleki test surusu idi de :) 2-3 bolum hazir olmamis yayinlamayacam :) tesekkur

      Sil
  3. Super tesevvur ede bilmeyeceyim qeder maraqli imiş. Teşekkurler Cemile :)

    YanıtlaSil
    Yanıtlar
    1. yes, of course :P bu by Cemile de ondan :D sene tesekkur :)

      Sil